30/11/2015 09:50

Ermənistan Rusiya hesabına hava hücumundan qorunsa Azərbaycan nə etməlidir? – TƏHLİL

“Rusiya və Ermənistan hərbi hava qüvvələrinin komandanlıqlarının birləşdirilməsi ilə bağlı qərarı Azərbaycana qarşı düşmənçilik aktı kimi qəbul etmək olar”.

Bunu “AzeriDefence”yə hərbi ekspert Vüqar Miraslanov deyib.

O bildirib ki, Rusiyanın Ermənistanla vahid hərbi komandanlıq yaratmaq istəyi uzun illərdir gündəmdədir. Buradan Qarabağ erməniləri də öz məqsədləri üçün bəhrələnəcək:  “Rusiyanın imkanlarınan Ermənistanın bəhrələndiyi heç vaxt gizlədilməyib. Bəllidir ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr də Ermənistanın ordu komandanlığının tərkib hissəsidir. Tam aydındır ki, həm əməliyyat, həm təşkilat-ştat məsələlərində də Ermənistan komandanlığına tabedir. Demək ki, Rusiya hava hücumundan müdafiə komandanlığı Qarabağdakı separatçılarla bir işləyəcək”.

Məsələnin texniki tərəfinə də nəzər salan ekspert deyib ki, Ermənistanın HHM qüvvələrinin zabitləri bu qərardan əvvəl də Rusiyanın tədris-metodik köməyini alırdılar:  “Onların zabitləri həm orta hərbi təhsillərini, həm də akademiya səviyyəli tədrisi Rusiya hərbi məktəblərində alıblar. Bundan başqa Ermənistanın zenit-raket batareyaları Rusiya poliqonlarında döyüş təlimlərində iştirak edirlər. Bu da nəinki ayrı-ayrı zabitlərin döyüş hazırlığını, həm də hərbi birləşmənin ümumi döyüş qabiliyyətini və təcrübəsini artırır. Bu baxımdan erməni zabitlərinin döyüş hazırlığı ən azından bizim zabitlərdən aşağı deyil”.

V.Miraslanov əlavə edib ki, Ermənistanın qeyd olunan qoşun birləşməsinin əsas problemi isə döyüş vasitələrinin və avadanlığının texniki baxımdan köhnə olmasıdır:  “Vahid komandanlığın yaradılması ilə isə bu problemi tam aradan qaldıra bilər. Əslində onlar bu razılaşmaya qədər də öz texnikalarını modernləşdirməyə cəhd etmişdilər. Lakin vəsaitin azlığına görə S-300PT komplekslərinin modernləşdirilməsi proqramını həyata keçirə bilməmişdilər. Lakin “Osa” AK , “Strela-10” sistemlərinin modernizasiyasının zəruriliyini dərk etdiklərindən, bu prosesə Rusiya və Belarus mütəxəssisləri cəlb olunmuşdu. Bəzi mənbələrə görə, onlar Belarusun 2566 nömrəli radioelektron sistemlərinin təmiri zavodunun mütəxəssisləridir. Onlar bu modernləşdirmə konsepsiyasını hazırlayaraq həyata keçirmək üçün Razdan şəhərində yerləşən “Patneş” və “Jamar-D.D” istehsalat birliklərində yerləşdirməyi məsləhət görmüşdülər. Maraqlıdır ki, Belarusun həmin zavodunun gəlir mənbəyi mühəndis konsepsiyalarından yox, məhz istehsalat sahəsinin işindən gəlir. Bu baxımdan istehsalı Ermənistanda yerləşdirmək təklifi maraq doğurur. Belə olan təqdirdə səbəblər məcbur edə bilərdi ki, bu işlərin qazancı Belarus büdcəsindən yayındırılsın? Yeri gəlmişkən, adı çəkilən erməni mütəxəssisələri sovet zamanından da hərbi elektron sənayesi üçün avadanlıq istehsal edib”.

Sistem barədə danışan ekspert əlavə edib ki, bu qurğuda hərəkət edən hədəflərin seleksiyası təkmilləşdirilib. Bura ilkin siqnalların qəbul kaskadları (ŞUVÇ-75) əlavə olunub ki, bu da OSA ”AK” sistemini dipol əksetdiricilərinin təsirindən azad edəcək. Qeyd olunan proses ilkin siqnalları gücləndirib, kənar küydən təmizləyərək sistemin radiokanalının həssaslığını artıracaq. Belə olan təqdirdə kompleksin aşkarlama mənzili təxminən 20-30 faiz arta bilər.

V.Miraslanov deyib ki, bundan əlavə sistemin optik aşkarlama kanalı üçün həssaslığı artırılmış teleoptik vizir (nişangah) hazırlanır (ТОВ-М):  “Bu nişangahı gecə infraqırmızı qəbuledicisi ilə də təhciz etməyi planlaşdırıblar. Teleoptik vizirin həssaslığı rəngli kanalda 0,01 lüks, ağ-qara kanalda isə 0,001 lüks olması vəd edilir. Bu da ermənilərə imkan verir ki, radiotexniki müşayət radarını işə salmadan, hətta gecə şəraitində belə hədəfi aşkarlasın və ona atəş açsın. Bu modernləşmə göstərir ki, ermənilər böyük vəsait qoymadan, ruslarla birləşmə yaratmadan öz HHM qüvvələrinin döyüş hazırlığını xeyli artıra biliblər. Buradan aydın olur ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələri ilə döyüş üçün hansı taktikanı seçib və o konsepsiya əsasında sistemlərini təkmilləşdirməyə çalışır”.

Ekspertin sözlərinə görə, bu konsepsiyanın ikinci zəruri komponenti nisbətən tədqiq üçkoordinatlı aşkarlama, növbətçı və yönəldici radarıdır:  “Bunu yəqin edəndən sonra tam aydın olur ki, nə üçün ermənilər Rusiyanın “Kasta 2E2(39H6) radarına maraq göstərir və onu almaq fikrinə düşüblər. Bu radar 100 metr hündürlükdə uçan vasitələrini 41 km məsafədən, 1000 hündürlükdə uçan hədəfin 95 km məsafədən, 6000 metr hündürlükdə uçan hədəflərin 150 km məsafədən aşkarlayıb koordinatlarını təyin edir. Bu da qarşı tərəfin hava vasitələrinin hücum potensialını məhdudlaşdırır”.

V.Miraslanov qeyd edib ki, Rusiya ilə birlikdə yeni yaradılacaq birləşmənin komandanlığı Ermənistan HHQ həm texniki vasitələrini, həm də operativ yerləşməsini təkmilləşdirməyə çalışacaq: “Bununla erməni HHM qüvvələrinin döyüş hazırlığı br neçə qat artmalıdır. Bu da onlara imkan verəcək ki, cavab zərbəsindən qorxmayaraq Azərbaycana qarşı təcavüzü genişləndirsinlər və yeni hərbi avantüralara əl atsınlar. Yarana biləcək operativ disbalansın kompensasiyası ücün Azərbaycan komandanlığından nəinki böyük maddi vəsait, həm də ordunun tədris-metodik qurumlarının əsaslı yenidənqurulması tələb olunur. Çünki yəni müasir silahlar alıb, personalı bu silahdan istifadə etməyi öyrətməklə iş bitmir. Ayrı-ayrılıqda hətta ən müasir zenit-raket batareyasını məhv etmək böyük çətinlik daşımır”.

Onun fikrincə, döyüş hazırlığının artırılması üçün aviasiya, zenit-raket qoşunları və texniki kəşfiyyat qoşunları arasında qorunan rəqəmli kanallarla onlayn rejimində əlaqə olmalıdır. Yeni xüsusi rabitə sistemlərinin yaradılması, onların əks-təsirə davamlılığı artırılmalı, ötürülmə kanalları dublyaj olunmalıdır. Tamamilə yeni arxitekturada qurulmuş avtomatik idarəetmə sistemləri yaradılmalıdır ki, sovet ordusundan qalan sistemləri və yeni alınan xarici sistemləri kommutasiya edib, idarəetmə qabiliyyətinə malik olsun.

Hərbi ekspert təklif edib ki, müxtəlif xarici ölkələrdən alınan ZRK, radar və təyyarə idarə sistemləri elə olmalıdır ki, kommutasiya etmək qabiliyyətli olsun: “Bu onların döyüşdə ildırım sürətli yumruq kimi iştirakına imkan verər. Döyüş şəraitinə ani reaksiya verməyə və əməliyyatları qısa zaman çərçivəsində pillə-pillə, mərhələ-mərhələ və qarışıq şəkildə keçirməyə imkan yaradar”.

Mövcud vəziyyətdə Azərbaycanın beynəlxalq dəstəklə bağlı edə biləcəkləri haqqında da danışan hərbi eksperet bildirib ki, erməni-rus HHM qüvvələrinin alyansı Azərbaycana Türkiyə ilə bir sıra addımları atmaq üçün haqq verir: “Türkiyə Ermənistanla həmsərhəd dağətəyi bölgədə kəşfiyyat-naviqasiya radarı yerləşdirə və bunu ümumı sistemə birləşdirə bilər. Bu halda Azərbaycan Ermənistan ərazisində hər bir raket startını, təyyarə uçuşunu müəyyən hündürlüyə qalxandan sonra yox, start anında aşkar etmək qabiliyyətinə malik olacaq. Bu da adekvat reaksiyanın seçilməsi üçün daha çox möhlət imkanı verəcək. Belə vəziyyətdə Azərbaycan qoşunlarının operativliyini, taktiki imkanlarını və onların variativliyini artırmaqla yanaşı, külli miqdarda vəsaitə qənaət ediləcək”.