27/08/2018 00:12

Ermənistan şirkəti T-72A tankları üçün termal nişangah hazırlayıb

Ermənistanın “Araqats” şirkəti T-72A tanklarının tuşlayıcıları və sürücü-mexanikləri üçün termal nişangahlar hazırlayıb.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi məlumata görə, T-72A tankının tuşlayıcı termal nişangahı tankın ştatında olan TPN1-49-23 termal modulu əvəz etmək üçün nəzərdə tutulur. Cihaz idarə sistemi tərkibində məhdud görünüş şəraitində passiv rejimdə gecə müşahidəsi, aşkarlama, hədəflərin tanınması və atışın aparılmasını təmin edir.

Sürücü-mexanikin termal nişangahının isə ştatdakı TVNE-4B gecəgörmə cihazını əvəz edəcəyi bildirilir. Passiv iş rejiminə malik cihaz gecə və məhdudlaşmış görmə şəraitində istifadə üçündür.

Cihazların Ermənistan Ordusunda istifadəyə qəbul edilib edilmədiyi barədə hər hansı informasiya mövcud deyil.

Hər iki termal cihaz ötən həftə Rusiyada keçirilən “Ordu-2018” beynəlxalq hərbi-texniki forumunda nümayiş etdirilib.