30/08/2019 10:35

Ermənistan snayperləri DSX-nin avtomobilini atəşə tutublar

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Mməlumatda bildirilir ki, avqustun 29-u saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən DSX Sərhəd Qoşunlarının Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperləri cavab atəşi ilə susdurulub.