21/04/2017 18:04

Ermənistan Xaçaturovun KTMT baş katibi təyin olunmasından narahatdır

 

İrəvan Yuriy Xaçaturovun KTMT-də de-fakto nümayəndəsi olmadığını elan etdi

Ermənistanda bu ölkənin silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Yuriy Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi olması narahatlıqla qarşılanıb.

“AzeriDefence”nin məlumatına görə, erməni mətbuatı yazır ki, bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın müdafiə naziri Viqen Sarkisyan bu narahtlığı büruzə verən açıqlama ilə çıxış edib. O deyib ki, Y. Xaçaturovun KTMT baş katibi kimi fikirlərinin Ermənistanın mövqeyi olaraq qəbul olunmasından narahatdır:

“Xaçaturovun baş katib olması Ermənistana həm xeyirlidir, həm də problem yarada bilər. Belə ki, onun sözləri Ermənistan hökumətinin mövqeyi kimi təhlil oluna bilər, bu isə bizim üçün arzu olunan deyil”.

Sarkisyanın sözlərindən belə çıxıb ki, Xaçaturovun təyinatı Ermənistanın məəsuliyyətini artırıb və rəsmi İrəvanda cavabdehlik yükü yaradacaq.

Bu isə onu göstərir ki, Ermənistan Xaçaturyanın baş katib olmasına o qədər də can atmayıb.

Müdafiə naziri diqqətə çatdırmaq istəyib ki, hüquqi baxımdan Xaçaturov Ermənistan vətəndaşı olsa da, faktiki olaraq bu şəxs İrəvanın nümayəndəsi deyil. Bu isə bir daha onu göstərir ki, Xaçaturov rəsmi Moskvanın maraqlarına uyğun gəldiyindən baş katib vəzifəsinə təyin olunub. Burada rotasiya qaydaları nəzərə alınmayıb.

Xatırladaq ki, Y. Xaçaturov apreluin 14-də KTMT-nın baş katibi vəzifəsinə təyin olunub.