17/05/2017 17:47

Ermənistan yaşayış məntəqələrimizi atəşə tutmasını təsdiqləyib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusunun yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutması ilə bağlı bəyanat verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bəyanatda bildirilib ki, Ermənistan azərbaycanlıların yaşayış məntəqələrini atəşə tutmasını təsdiqləyib:
“Ermənistan yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.
Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq edib”.
Müdafiə Nazirliyi bildirib ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib.