03/03/2018 16:26

Ermənistana məxsus taktiki PUA məhv edilib – FOTO

Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti taktiki PUA zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus X-55 taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, X-55 PUA-sı 2011-2012-ci illərdə Rusiyadan satın alınıb. “AFM Serviz” şirkəti tərəfindən istehsal edilən PUA-nın orjinal adı “Pitero-5E”dir. Ermənistan məlumatlara görə, Rusiyadan 4 kompleks (24 ədəd) bu PUA-dan alıb.

Xatırladaq ki, X-55 PUA-nın qanadlarının uzunluğu 3030 mm, gövdəsinin uzunluğu 2100 mm, kreyser sürəti 85-115 km/saat, maksimal uçuş sürəti 180 km/saatdır. Aparat havada elektrik mühərriki ilə 1.5 saat, benzin variantında isə 8 saatadək qala bilər. X-55 PUA-nın maksimal uçuş məsafəsi 130 km, maksimal uçuş hündürlüyü 2000 m, maksimal tətbiqetmə uzaqlığı 85 km-dək, qalxma üsulu katapult, enmə üsulu isə paraşütlədir.