11/09/2017 14:45

Ermənistanda Rusiya hərbçiləri arasında dava olub: Bölük komandiri ağır xəsarətlər alıb

Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasında hərbçilər arasında dava olub.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, Gümrü şəhərində yerləşən 102-ci hərbi bazada sentyabrın 10-da təxminən 23:30 radələrində hərbçilər arasında dava düşüb. Baş verən hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

Shamyan.com saytının məlumatına görə, polislər hadisə yerinə gəliblər. Hadisəni törətmiş 3 nəfər polisləri görən kimi qaçıb, 1 nəfər isə yerdə uzanmış vəziyyətdə tapılıb.

Polislər xəsarət almış hərbçini Gümrü şəhərində yerləşən xəstəxanaya çatdırıblar. Xəsarət alan hərbçi 26 yaşlı Rusiya vətəndaşı Yuri Nikolayev olub. Onun göz ətrafı zədələnib, dizində sıyrıqlar var və çox saylı zərbələr nəticəsində kəllə-beyin travması alıb.

Polislər müəyyən ediblər ki, mübahisə (23 yaşlı Vladislav Krasovsk, 22 yaşlı Viktor Yudin, 26 yaşlı Nursultan Qizatulaev və 26 yaşlı Yuri Nikolayev) Rusiya vətəndaşları arasında baş verib.

Aparılan istinaq işləri zamanı müəyyən edilib ki, 26 yaşlı Nursultan Qizatulayev, Yuri Nikolayevi döyüb. O özü polis bölməsində bu əməlini etiraf edib. Məlumatda o da qeyd olunub ki, ağır bədən xəsarətləri alan Yuri Nikolayev 102-ci hərbi bazasının bölük komandirləridir.