29/11/2017 15:49

Ermənistanda Rusiya hərbçiləri təlimlərə başlayıb

Ermənistanda Rusiya hərbi bazası pilotsuz uçuş aparatlarından (PUA) və radioelektron mübarizə (REM) komplekslərindən istifadə etməklə təlimlərə başlayıb.

“AzeriDefence”nin “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəhbəri Vadim Astafyev deyib.

Bildirilib ki, təlimlər zamanı hərbçilər şərti qanunsuz silahlı birləşmələrin diversiya qruplarının rabitə vasitələrinin radioelektron mübarizə sistemləri ilə zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər.

3 gün davam edəcək təlimlər dəniz səviyəsindən 1500 metr yüksəklikdə “Kamxud” və “Alaqyaz” yüksək dağ poliqonlarında keçirilir.

Təlmlərdə hərbçilər Rusiyanın Ermənistandakı hərbi bazasının istifadəsində yer alan “İnfauna” radioelektron mübarizə kompleksləri, “Navodçik” və “Zastava” pilotsuz uçuş aparatlarından istifadə etməklə 30-dan çox normativi yerinə yetirəcəklər.

Məlumatda o da qeyd olunub ki, praktiki təlimlərdə 300-dən çox hərbi qulluqçu və təxminən 50 xüsusi hərbi texnika iştirak edir.