21/08/2019 13:06

Ermənistandakı qaz stansiyasına sərhəd postumuzdan baxış – EKSKLÜZİV FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Qazax rayonu istiqamətində, Ermənistanla dövlət sərhədində götürdüyü yeni mövqelərdən Ermənistan Ordusunun mövqelərinə və ərazidəki kommunikasiyalara nəzarət edir.

“AzeriDefence” olaraq ötən gün sərhədçilərimizin nəzarəti altında olan Gürcüstan-Ermənistan qaz boru kəməri üzərində yerləşən qazpaylayıcı stansiyanın görüntüsünü yaymışdıq.

Erməni tərəfi KİV-ə açıqlamasında bəyan edib ki, guya ərazidə Ermənistan Ordusu tərəfindən mövqelərin irəli çəkilməsi nəticəsində 140 hektar əraziyə nəzarət imkanı təmin olunub.

Lakin ərazidə apardığımız müşahidələr zamanı bunun əksini gördük. Olduğumuz DSX-nin yeni mövqelərindən düşmənin mövqeləri, mövqelər arası yollar və yaxınlıqdakı qaz stansiyası açıq müşahidə olunurdu.

Ötən günkü paylaşımımızdan sonra olan marağı nəzərə alaraq yeni bir neçə fotonu da təqdim edirik.

Məlumat üçün bildirim ki, DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində min hektarlarla ərazilər nəzarət altına götürülüb. Eyni zamanda Azərbaycan Sərhəd Qoşunlarının döyüş məntəqələri Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına nəzarət imkanı əldə ediblər. Ermənistan Müdafiə Nazirliyi bu gün reallığı ictimaiyyətlərindən gizlədə bilər. Lakin qış aylarında ərazidəki kəndləri, rayonları qazsız qalanda bunun səbəbini gizlədə bilməyəcəklər.