10/01/2017 12:43

Ermənistanın keçmiş müdafiə naziri siyasi partiya yaradır

Seyran Ohaniyan seçkilərdə iştirak edəcək

Ermənistanın keçmiş müdafiə naziri, 2016-cı ilin aprel ayında erməni ordusunun cənhədəki məlum məğlubiyyətindən sonra vəzifəsindən kənarlaşdırılan Seyran Ohaniyan böyük siyasətə qatıldığını elan edib.

“AzeriDefence”nin məlumatına görə, S. Ohaniyan bu açıqlamanı özünün sosial şəbəkələrin birindəki hesabında yayıb.

O bildirib ki, uzun illər erməni silahlı birləşmələrinin yaradılmasında iştirak etmiş, son 17 il ərzində isə bu quruma rəhbərlik edən şəxs kimi ölkədə gedən hərbi-siyasi proseslərdən kənarda qala bilməz.

O iddia edir ki, vəzifəsindən öz istəyi ilə çıxıb və istefasından sonra ona təklif olunan dövlət vəzifələrindən imtina edib.

Ohaniyan artıq ölkənin siyasi qüvvələri və ictimai-siyasi xadimləri ilə danışıqlara başladığını da qeyd edib:

“Məqsədim 2017-ci ildə parlamentə keçirilən seçkilərdə iştirak etmək və həmfikirlərimlə birgə bir sıra proseslərə başlamaqdır”.

O, təsis edəcəyi qurumun siyasi xətti barədə isə hər hansı fikir söyləməyib.