17/11/2017 18:32

Ermənistanın probleminə çevrilən ordu – ARAŞDIRMA

Son illər Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməyən, 2016-cı ilin aprel döyüşlərində ciddi itkilərə məruz qaldıqdan sonra mənəvi-psixoloji deqradasiya yaşayan Ermənistan Ordusu getdikcə daha acınacaqlı vəziyyətə düşməkdədir. Orduda baş verən ölümlər, münasibətlərin pozulması, intihara məcbur etmə və digər hadisələr bir daha sübut edir ki, Ermənistan Ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün kifayət qədər gücə sahib deyil.

2000-ci illərin əvvəllərindən əsgər çatışmazlığı Ermənistan Ordusunun bir nömrəli probleminə çevrilmiş və getdikcə bu problem daha ciddi hal almaqdadır. 90-cı illərdə ölkədə doğulan oğlan uşaqlarının sayının az olması, habelə orduya çağırış sistemində neqativ hallardan, rüşvətxorluq, xidmətdən yayınmaya münbit şəraitdən yararlanan insanlar öz övladlarını hərbi xidmətdən yayındırmağa, maksimum şəkildə Ermənistandan kənara çıxarmağa çalışırlar. “Azeri Defence” Ermənistan Ordusundakı əsgər çatışmazlığı və mövcud problemləri araşdırmağa çalışıb.

Əsgər çatışmazlığı

Altmış min nəfərlik orduya malik Ermənistanda həqiqi hərbi xidmətə çağrış yaşı 18-27 yaş, orduda xidmət müddəti isə 2 ildir. Hərbi xidmətə çağırış ildə iki dəfə olmaqla 6 aydan bir həyata keçirilir. Erməni mediasında yer alan məlumatlara görə, 2004-cü ildən başlayaraq demək olar ki hər il Ermənistanda çağırış zamanı hərbi hissələrin çağırışçılarla tam şəkildə komplektləşdirilməməsi ciddi problem olaraq ortaya çıxır. Nəticə etibarı ilə hərbi xidmətdən tərxis olunanların evlərinə buraxılması bəzi hallarda aylarla ləngiyir. Bununla da daha çox döyüş bölgəsində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər üzləşirlər. Nəticədə səngərdə xidmətdən “yorulan” əsgərlər tərəfindən gənc əsgəərlərə qarşı amansız rəftarların edilməsi, atəşkəs pozuntuları zamanı “evə getməyə hazırlaşan” əsgərlərin həlak olması kimi hadisələr yaşanır.

Məhz Azərbaycanla dövlət sərhədində və işğal olunmuş Azərbaycan ərazilərində yerləşən hərbi hissələrdə bu boşluğu doldurmaq üçün Ermənistanın hərbi rəhbərliyi və separatçı rejim mülki əhalinin “xidmətindən” istifadə etməyə  çalışırlar. Bu məqsədlə yerli əhali müqavilə əsasında xidmətə cəlb olunur. Onlar ayda 15 gün ön xətdə xidmət edən hərbçiləri əvəzləyir, orduda “yarımştat” çalışırlar.

2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda əsgər çatışmazlığı diqqəti bir daha cəlb etdi. Belə ki, döyüşlərin ilk günü cəbhəyə döyüşmək üçün “Yerkrapa” başda olmaqla, müxtəlif hərbi təşkilatlar vasitəsi ilə cəlb olunanların tərkibində gənclərin azlıq təşkil etdiyi internetde yayımlanan foto və videolarda da aydın görünür. Qarabağdakı separatçı rejimin elan etdiyi “səfərbərlik” isə daha acınacaqlı vəziyyəti üzə çıxardı. Xankəndindəki “səfərbərlik” toplanışına ön sıraya orduya çağırılan bir gəncləri, arxa sıraya övladının ardınca gəlmiş ailənin kişili-qadınlı bütün üzvlərini yığmaqla guya say faktorunu gözə soxmaq istəyirdilər.

Ölümlər necə gizlədilir?

2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə Ermənistan Ordusu atəşkəs dövründə ən çox itkisini verdi. Aprel ayının 2-dən 5-dək cəbhədə Ermənistan si­lah­lı qüvvələrinin, aralarında yüksək rütbəli zabitlər də olmaqla, 300-dən çox hərbi qulluqçusu öldürüldü, 500-dən çox hərbi qulluqçusu yaralı şəkildə hərbi hospitallara və xəstəxanalara yerləşdirildi. Hansı ki bura xaricdən muzdla cəlb olunan döyüşçülər daxil deyil.

Ümumilikdə son illərdə Ermənistan Ordusu cəbhə xəttində, döyüş şəraitində hər il orta hesablla 60-80 arası hərbi qulluqçusunu itirir. Bundan əlavə, hər il 100-dən çox əsgər digər hadisələrdən – avtoqəza, silahla ehtiyatsız davranış, xəstəliklər, intihar və s. dünyasını dəyişir. Ölümlərin sırasında hərbi qulluqçuların sağlamlıqlarına biganə yanaşılması da az rol oynamır.Ordunun qida təchizatındakı problemlər, əsgərlərin antisanitariya şəraitdə xidmət aparmaları, kazarmaların bərbad vəziyyətdə olması səbəbindən xeyli sayda hərbi qulluqçu ciddi sağlamlıq problemləri yaşayır. Əsasən donvurma, vərəm, pnevmoniya, dəri-zöhrəvi, müxtəlif infeksion xəstəliklər, sətəlcəm, mədə-bağırsaq və digər diaqnozlar çoxluq təşkil edir. 

Ermənistan Ordusundakı döyüş itkiləri hər vəchlə ictimaiyyətdən gizlədilməkdədir. 2005-ci ildən cəbhədə aparılan atəşkəs monitorinqləri və əəsgər ölümləri ilə bağlı araşdırmalar bunu sübut edir. Belə ki, indiyədək açıqlanan məlumatlar arasında Qarabağda yaşayan erməni gənclərinin ölümü ilə bağlı çox az halda informasiyalara rastlaşılır. Ermənistandan olan əsgərlərin ölüm faktı adətən silahla ehtiyatsız davranış, nizamnamədən kənar hallar, avtoqəza, xəstəlikdən ölüm və s. ilə ört-basdır olunur. Məsələn, cəbhədə görüntülərlə, yer və vaxt göstərilməklə erməni ordusunun canlı qüvvəsinin məhv edilməsi barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatlarından bir neçə gün sonra Ermənistan tərəfinin avtoqəza, silahla ehtiyatsız davranışdan həlak olma barədə məlumatları açıqlamasına dəfərlərlə rastlaşılıb.

2016-cı ilin aprel ayındakı döyüşlərdən bir il sonra Ağdərə hospitalında xidmət edən erməni həkimlərin mətbuata müsahibələrində səslənən statistikalar döyüş müddətində Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib, itkilərin rəsmi məlumatlardakından dəfələrlə çox olduğunu göstərdi.

2011-ci ilin mart ayının 30-da Qazax rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribat cəhdi zamanı Ermənistan Ordusunun 5 hərbi qulluqçusunun yaralanması, 2 hərbçinin öldürülməsi bir həftə sonra erməni müxalif mediasının araşdırmasından sonra Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiqlənmişdi.

Homoseksuallaşan ordu

Ermənistan ordusunda əxlaqsızlıq problemi də sürətlə yayılmaqdadır. Belə ki, hüquq müdafiə təşkilatlarının hesabatları və açıqlanan cinayət hadisələrinin təhlilləri göstərir ki, Ermənistan Silahlı Qüvvələrində şəxsi heyət arasında homoseksuallığa meylli hərbi qulluqçuların sayı ilbəil artmaqdadır. Ötən aylarda özünə qəsd edən erməni əsgərinin araşdırılması nəticəsində ölən əsgərin digər yoldaşları tərəfindən cinsi ünsiyyətdə olması üzə çıxıb.

Iki il əvvəl hərbi məktəb kursantının öldürülməsi faktının araşdırılması zamanı onun məktəbin yüksək rütbəli zabiti tərəfindən cinsi təcavüzə məruz qoyulması aşkarlansa da, həmin zabit Müdafiə Nazirliyinin rəhbərliyinə yaxın olması səbəbindən heç bir məsuliyyətə cəlb olunmamışdı. 

Bundan başqa “Facebook” sosial şəbəkəsində paylaşılmış yazıda, qeyd edilir ki, Ermənistan Müdafiə Nazirliyinin və Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli zabitlərindən ibarət heyətləri Dağlıq Qarabağa etdikləri səfər zamanı öz ehtiraslarını qarşılamaq məqsədilə mütləq hərbi hissəyə yaxın ərazidə özləri inşa etdirdiyi “Omeqa” istirahət mərkəzinə baş çəkirlər. Xüsusilə, hərbi hissə komandirləri tərəfindən inspeksiyaya gəlmiş heyətdən məqbul qiymətlərin alınması məqsədilə “Omeqa”da əvvəlcədən bütün şərait hazırlanır və yoxlama heyətinin ehtiraslarının qarşılanması üçün fahişələr dəvət edilir. Hərbi hissələrə xüsusi istedadları olan gözəl xanımlar işə qəbul olunurlar. Həmin xanımların əksəriyyəti hissə komandirinin köməkçisi vəzifəsində işləyirlər.

Fərarilik rəsmiləşib

Fərari əsgər sayına görə də Ermənistan Ordusu ön sıralardadır. Ekspertlərin fikirincə, acınacaqlı vəziyyətdə qulluq etmək istəməyən əsgərlər hərbi hissələri tərk edirlər. Məcburi hərbi xidmətdən yayınmaya görə müxtəlif illərdə minlərlə əsgərə cinayət işinin açıldığını dəfələrlə çıxışlarında vurğulayan Ermənistan hökuməti (Diaspor Nazirliyinin təşəbbüsü ilə) qanunvericiliyə dəyişikliklər hazırlamış və fərariliyə görə cinayət məsuliyyətinin müəyyən məbləğdə vəsait ödənilməklə aradan qaldırılması barədə ilk qanunvericilik aktı 2011-ci ildə qəbul edilmişdir. Həmin qanuna əsasən gənclər 417 dollar ödəməklə məsuliyyətdən azad edilirdi. 2015-ci ildə edilən dəyişikliklə bu məbləğ 3800 dollara qaldırılıb. Elə hazırda davam edən narazılıqların səbəblərindən biri də məhz bu dəyişiklikdir. Qanuna dəyişiklik qəbul ediləndən az sonra zaman Ermənistanın diaspora naziri Qranuş Akopyan bildirmişdi ki, Ermənistanda təkcə 2014-cü ildə hərbi xidmət keçməkdən yayınmış 954 nəfər, 2015-ci ilin birinci rübündə isə 61 nəfər qanunla müəyyən olunmuş məbləğdə pul ödəməklə məsuliyyətdən azad olub. Q. Akopyan bildirib ki,2014-cü ildə hərbi məsuliyyətdən yayınan ermənilər dövlətə 800 milyon dram (təxminən 1.68 milyon ABŞ dolları) vəsait ödəyiblər. Nazirin sözlərinə görə, 2015-ci ilədək Ermənistanda hər il 27 yaşadək olan 900 nəfər pul ödəməklə hərbi xidmətdən yayınma ilə bağlı cinayət məsuliyyətindən azad olub.

Ermənilər “qatilsiz ordu” axtarışında

Aprel döyüşlərində ölən zabit və əsgərlərin gizlədilməsindən sonra Ermənistanda əsgər valideynlərinin prezident aparatı önündə keçirdiyi aksiyalar tez-tez baş verməyə başladı. Təkcə bu il ərzində Ermənistan Ordusunda həlak olan əsgərlərin valideyinləri və internet sosial şəbəkəsində yaradılmış “Qatilsiz ordu” təşəbbüsünün üzvləri Hökumət binasının qarşısında dəfələrlə etiraz aksiyası keçirib, orduda baş vermiş ölüm hallarının ədalətli araşdirilmasını, orduda zorakılığa, qətllərin qarşısını almağı və qatillərin cəzalandırılmasını, prezidentdən onların qarşısına çıxıb övladlarının niyə həlak olmasına aydınlıq gətirməsini tələb ediblər. Əsgər valideynləri iddia edirlər ki, oğlanları hərbi xidmət zamanı hansısa bədbəxt hadisələrdən həlak olmurlar, sadəcə olaraq, onları qətlə yetirirlər. Aksiya iştirakçıları, həmçinin, həlak olmuş əsgərlərin cəsədlərində müxtəlif yaralar, zorakılıq izləri olan şəkillərini də qaldırıblar.

Artıq ciddi hal alan əsgər çatışmazlığı problemini aradan qaldırmaq üçün Ermənistan parlamenti 2017-ci ildə bir neçə ciddi addım atmağa məcbur oldu. Bunlardan biri də Ermənistan parlamentinin bu yaxınlarda “Müdafiə haqqında” qanuna tələbələrə orduda xidmətdən möhlət hüququnun verilməsinin ləğvi barədə edilən dəyişiklikdir. Yeni qanunla Ermənistanda tələbələrə orduda xidmətdən möhlət hüququ verilmir. Beləliklə, hərbi xidmət yaşı çatmış təhsil alan şəxslər əsgər aparılmalıdır. Bununla bağlı son həftələrdə tələbələrin geniş miqyasda etiraz aksiyaları keçirilməkdədir. Əsgərini normal təchiz edə bilməyən Ermənistanın Müdafiə Nazirliyinin “orduda elmlə məşğul olmağa şərait yaradılacaq” açıqlamaları elə erməni tələbələrin özləri tərəfindən də istehza ilə qarşılanır və heç kimsə buna inanmır.

Anar Şuşalı