29/11/2012 18:36

Ermənistan Azərbaycan və Gürcüstanla sərhədlərinin mühafizəsini Rusiyaya tapşırmaq istəyir

Ermənistan bütün sərhədlərinin mühafizəsini Rusiyaya həvalə etmək niyyətindir. Bu barədə “AzeriDefence.com” saytına eksklüziv olaraq Rusiya Federal Sərhəd Xidmətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.Qeyd olunan məsələ cari ildə Ermənistan və Rusiyanın müvafiq qurumlarının rəhbərlərinin görüşündə bir neçə dəfə qaldırılıb.

Rusiya hazırda Ermənistanın Gürcüstan və Azərbaycanla dövlət sərhədlərinin tam dəqiqləşmədiyini, eləcə də digər məsələləri əsas gətirərək üzərinə belə bir öhdəçiliyi götürməyə tələsmir.

Rusiya tərəfi hazırda Ermənistanın Türkiyə və İranla sərhədinin – SSRİ-dən qalma infrastruktur üzrə mühafizəsini təşkil edir. Azərbaycanla sərhəd Ermənistan Müdafiə Nazirliyinin, Gürcüstanla sərhəd isə sərhədçilərin mühafizəsi altındadır.

Bununla belə, tərəflər arasında hazırda Ermənistan hökuməti tərəfindən mühafizəsi təşkil olunan Azərbaycan və Gürcüstanla sərhədlərdə mühafizənin gücləndirilməsi üçün tərəflər arasında bəzi razılıqlar mövcuddur. Rusiya tərəfi Ermənistanın bütün sərhədlərinin etiibarlı mühafizəsinin təşkili üçün “Rosqranitsa” agentliyinin vasitəsi ilə bu ölkəyə dəstəyi artırmağı vəd edib. Bu məqsədlə rus mütəxəssisləri tərəfindən ermənilərə keçirilən təlim və treninqlərin sayının artırılması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə texniki yardımların göstərilməsi, yeni avadanlıqların verilməsi və s. nəzərdə tutulur.