27/04/2015 01:03

Ermənistan hansı ölkələrdən snayper tüfəngləri alıb? – FAKTLAR – EKSKLÜZİV

Bu günlərdə “AzeriDefence” Ermənistanın İngiltərənin “Accuracy International” şirkətindən AX .338/AXMC snayper tüfəngləri alması barədə araşdırma dərc edib. Münaqişə tərəflərinə silah satışına embarqo qoyduğunu elan edən İngiltərənin bu silahlarının erməni ordusunda necə peyda olması bəzi suallar doğurur. Azərbaycan tərəfinin qoşunların təmas xəttindən snayperlərdən geniş istifadə etdiyini bəyan edən rəsmi İrəvan işğal etdiyi ərazilərdən əsgərlərini geri çəkmək yerinə beynəlxlaq təşkilatları Azərbaycana ön xətdən snayperlərini geri çəkməsi üçün təzyiq gəstərməyə çağırır.

Ermənistan Ordusunun son illərdə içində ATƏT üzvləri də olan bir sıra ölkələrdən snayper tüfəngləri almasına dair kifayət qədər faktlar mövcuddur. Hansı ki bu alımların əsas hissəsini 12.7 mm çaplı və atəş mənzili daha uzaq olan snayper tüfəngləri təşkil edir. Ermənistan tərəfi həmin snayper tüfənglərini işğal etdiyi Azərbaycan ərazilərində yerləşən hərbi hissələrinin silahlanmasına daxil edib.

“AzeriDefence” müxtəlif kanallar vasitəsi ilə əldə etdiyi məlumatları təqdim edir.

2011-2012-ci illərdə İngiltərənin “Accuracy International” şirkətindən AX .338/AXMC snayper tüfəngləri alınıb. .338 Lapua Magnum (8.6x70mm), .308 Winchester Magnum və ya 7.62x51mm çaplı patronlarla atəş açan modelləri mövcuddur. Snayper tüfənginin çəkisi 7.8 kq, atış mənzili 1250 metr təşkil edir. Bu silahın yeni – .50 BMG (12.7mm) versiyasının atış uzaqlığı isə 2400 metrdir.

Ermənistan həmçinin Fransanın PGM Precision şirkətindən ordu üçün “PGM Mini-Hecate .338” snayper tüfəngi əldə edib. Ermənistan Ordu xüsusi təyinatlılarının silahlanmasında yer alan bu tüfənglərin də böyük ehtimalla 2011-2013-cü illər aralığında alındığı güman edilir. Satınalma həcmi barədə dəqiq informasiyalar mövcud deyil. Ermənistan ordusunun inventarında yer alan bu silah ilk dəfə 2013-cü ildə KİV nümayəndələrinin Noemberyandakı xüsusi təyinatlıların təlimində apardığı çəkiliş zamanı üzə çıxıb. Çəkisi 7.3 kq təşkil edən “PGM Mini-Hecate”.338 Lapua Magnum (8.6x70mm) patronlarla atəş açır. Snayper tüfənginin effekktiv atış mənzili 1400 metrdir. Internetdə yer alan məlumata görə, “PGM Mini-Hecate”nin satışı ilə dünyanın tanınmış silah istehsalçısı olan Belçikanın “FN Herstal” şirkəti məşğul olur.

Ermənistan 2013-cü ildə CAR-ın “Truvelo” şirkətindən “Truvelo CMS” .50 BMG (12.7x99mm) çaplı açıqlanmayan sayda snayper tüfəngi alıb. “Bolt action” iş prinsipinə malik bu silah antimaterial snayper tüfənglərindən sayılır. Tüfəngin çəkisi 16 kq, effektiv atış mənzili 1500 metr təşkil edir.

Ermənistan 2007-ci ildə Serbiyada 250 ədəd 12.7mm çaplı “Black Arrow” snayper tüfəngi alıb. 2012-ci ilin may ayında bu silahların bir qismi Xankəndində keçirilmiş “hərbi parad”da Dağlıq Qarabağdakı separatçı rejimin “xüsusi təyinatlı” bölmələrinin silahlanmasında nümayiş olunub.

Ermənistan bununla yanaşı Ukraynadan 60 ədəd modeli açıqlanmayan snayper tüfəngi, Rusiyadan 2009-cu ildə 3 ədəd 9х39mm çaplı VSS “Vintorez”, 2008-ci ildə 52 ədəd SV-98 snayper tüfəngi satın alıb. Xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Vintorez” snayper tüfənginin atış mənzili 400 metrdir. 7.62x54mm çaplı SV-98 snayper tüfəngi isə 1000 metr effektiv atlş mənzilinə sahibdir.

2008-ci ildə Ermənistan Flippindən 40 ədəd .22LR/MRF çaplı snayper tüfəngi əldə edib. Silah satışı barədə Flippinin BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda məlumat verilsə də silahın modeli barədə heç bir məlumat yoxdur.

Bütün bunlarla bərabər Ermənistan Ordusunun silahlanmasında Finlandiyanın SAKO TRG M-10 və TRG-42, İtaliyanın “Beretta” firmasının istesalı olan fərqli snayper tüfəngləri yer alır. Bu silahlar Ermənistana “Aspar Arms” şirkətini tərəfindən idxal olunub. 2013-cü ildə keçirilən KTMT-nin Ermənistanda keçirilən təlimlərində bu silahlar üzə çıxıb.

Ermənistanın “Aspar Arms” şirkəti tərəfindən silah idxalı ilə yanaşı “Kalaşnikov” avtomatının və VSS dizaynı əsasında ASS-300 və ASR-300 snayper tüfəngləri, Ermənistan Müdafiə Nazirliyinə bağlı zavodlarda 5.45x39mm çaplı K-11, 5.45x39mm maplı K-12M, 12.7x108mm çaplı K-15 snayper tüfəngləri istehsal edilir.