29/06/2015 04:18

Ermənistan İtaliyadan hərbi təyinatlı məhsulların alınmasına dair danışıqlara başlayıb – EKSKLÜZİV

İtaliya və Ermənistan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək üçün bir neçə yeni layihə üzərində müzakirələr aparırlar.Bu barədə “AzeriDefence”yə İtaliya müdafiə sənayesində fəaliyyət göstərən böyük şirkətlərdən birinin aının açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

Mənbənin məlumatına görə, əməkdaşlıq addımı İtaliya hökumətinin “xeyir-duası” ilə atılıb. İndiyə qədər dəfələrlə Ermənistan tərəfinin cəhdlərinə baxmayaraq, İtaliya bu ölkə ilə müdafiə sahəsində dərin əməkdaşlığa getməkdən imtina edib. Rəsmi Romanın birdən birə belə bir jest etməsinin səbəbi bəlli deyil.

“Aprel və may ayında Ermənistanla bir neçə görüş oldu. Ermənistanın müdafiə naziri apreldə İtaliya səfəri zamanı müdafiə sənayesi firmalarını gəzdirildi. Ondan sonra isə Ermənistan Müdafiə Nazirliyindən əməkdaşlıq komissiyasının zabitləri İtaliyada səfərdə olaraq müxtəlif firmalarla görüşlər keçiriblər”, – deyə mənbə vurğulayıb.

S. Ohanyanın “Finmeccanica” şirkətlər qrupuna səfəri zamanı “Agusta Westland” şirkəti ilə iki ədəd VİP helikopterin, “Selex-ES” şirkəti ilə taktik pilotsuz uçuş aparatlarının alğı-satqısına dair müzakirə aparılıb. Ermənistan ilk mərhələdə İtaliyadan 6 ədəd “Falco” taktik PUA almaq istədiyini ifadə edib və hazırda tərəflər arasında kommersiya danışıqları davam etdirilir.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi İtaliya şirkətləri ilə qeyd olunanlarla yanaşı, hərbi rabitə avadanlıqları, xüsusi təyinatlılar üçün avadanlıqlar, mina detektorları, gecə görmə sistemləri və KBRN müdafiə vasitələrinin satın alınmasına dair danışıqlar aparıb. Əldə olunmuş razılığa əsasən, bir qismi hərbi yardım şəklində olmaqla, yaxın iki ay ərzində Ermənistan İtaliyanın CEİA şirkətinin istehsalı olan 150 dəst mina detektoru alacaq. İtaliya mütəxəssisləri həmçinin Ermənistan Silahlı Qüvvələrinin rabitə sistemini modernizə edəcəklər.