26/05/2013 05:03

Ermənistan müdafiə nazirinin helikopterinin atəşə tutulmasının təfərrüatı bəlli oldu

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın helikopterinin Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti üzərində atəşə tutulmasının detalları bəlli olub. “AzeriDefence.com” saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistan müdafiə nazirinin helikopteri zamanında geri dönməsə məhv ediləcəkmiş.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən bölmələrindən birinin döyüş postunda dayanan əsgərlər Ermənistan tərəfdən cəbhə xəttinə helikopterin yaxınlaşması barədə məlumat verib. Daha sonra post komandiri müvafiq qaydada komandanlığı məlumatlandırıb və helikopterin cəbhə xəttinin neytral zolağına yaxınlaşdığını bildirib. Komandanlığın tapşırığı ilə post döyüşə qaldırılıb.

S. Ohanyanın helikopteri cəbhə xəttində müəyyən olunmuş sahəyə yaxınlaşdıqda Azərbaycan əsgərləri tərəfindən avtomat, pulemyot və snayperlərdən atəşə tutulub: «Helikopter aşağıdan uçurdu. Təbii ki, atəş açıldığını görüb geri döndü. Bu təxminən bir neçə dəqiqə çəkdi. Artıq bu müddətdə bizim hava hücumuna cavabdeh qrup döyüşə hazır idi. Əks halda portativ komplekslə helikopter məhv ediləcəkdi. Biz helikopterdəkinin Ermənistanın müdafiə naziri olduğunu sonradan bildik».