30/08/2013 18:47

Ermənistanın “Scud” raketləri NATO təqdimatlarında niyə yoxdur ?

EKSKLÜZİVNATO-nun raketdən müdafiə proqramı ilə bağlı keçirilən brifinqlərdə Ermənistanın malik olduğu “Scud” ballistik raketləri barədə heç bir məlumat verilmir. “AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumata görə, Alyansın raketdən müdafiə üzrə müvafiq qurumunun hazırladığı və NATO qərargahında xarici heyətlərə keçirilən təqdimatlarda NATO sərhədləri daxilində və xaricində “Scud” ballistik raketlərinin yerləşdiyi ölkələr göstərilib. NATO üçün bu raketlərlə bilavasitə və dolayısı ilə təhdid doğuran ölkələr siyahısında İran, Şimali Koreya, Suriya, Türkmənistan kimi ölkələr qeyd olunub. Lakin NATO sərhədində yerləşən Ermənistan barədə isə heç bir məlumat verilmir.

Qeyd edək ki, hazırda Ermənistanın silahlanmasında 8 “Scud-B” kompleksi və ən azı 32 raketin olmasına dair məlumatlar mövcuddur.

Məsələyə münasibət bildirən hərbi jurnalist Rəşad Süleymanov da belə bir məlumata malik olduqlarını bildirib: “Biz ötən il NATO mənzil qərargahında olarkən Alyansın raketdən müdafiə qurumunun nümayəndəsi analoji təqdimatla çıxış etdi. Orada “Scud” sistemlərinə malik ölkələr qeyd olunsa da Ermənistanın adı yox idi. Təəssüf ki, bizə NATO-nun mənzil-qərargahına telefon, fotoaparat və qeyd cihazları keçirmək icazəsi verilmədiyindən bu təqdimat slaydının foto görüntülərini çəkə bilmədik. NATO-nun öz üzvlərindən birini və region üçün həyati əhəmiyyət daşıyan enerji infrastrukturlarını təhdid edən Ermənistanı bu siyahıya nədən salmadığını demək çətindir”.

R. Süleymanovun sözlərinə görə, Ermənistanın əlində olan bu raketlərin bir qismi Türkiyə sərhədində, əsas hissəsi isə Azərbaycanla sərhəddə və işğal olunmuş Dağlıq Qarabağ ərazisindədir. Ermənistanın hərbi rəhbərliyi hərbi əməliyyatlar başlayacağı təqdirdə adıçəkilən “Scud”lar vasitəsi ilə Azərbaycanın enerji mərkəzlərinə və Mingəçevir su anbarına zərbə endirəcəklərini dəfələrlə bəyan ediblər.