09/10/2013 07:00

Ermənistanın yeni silahları – FOTO

Ermənistanın Aspar Arms şirkəti yeni atıcı silah nümunələri hazırlayıb. “AzeriDefence”nin məlumatına görə, adıçəkilən şirkətin istehsalı olan yeni silahlar və döyüş sursatları İrəvanda bu gün işə başlayan “Expo-2013” sərgisində nümayiş olunur.

“AzeriDefence” ermənilərə məxsus razm.info portalına və Aspar Arms şirkətinin saytına istinadən Ermənistanda yaradıldığı bildirilən yeni silahlar və onların göstəriciləri barədə məlumatları təqdim edir.

ASP-01 adlandırılmış tapança 9×17 mm çaplı patronlardan istifadə edir və çəkisi 850 qramdır. Tapançanın atış uzaqlığı 100 metr, darağının tutumu 8 patron təşkil edir. ASP-45 adlı taktik tapançada isə .45 ACP (11.43 × 23 mm) kalibrli patronlar tətbiq olunur. Tapançanın çəkisi 1500 qram, uzunluğu 225 mm, lüləsinin uzunluğu 150 mm, darağının tutumu 10/14 patrondur.

Bereta, Sako, Armscor, İjmaş, Fabarm, Zastava Arms kimi şirkətlərin məhsullarının Ermənistanda satışını həyata keçirən Aspar Arms iki fərqli modeldə snayper tüfəngi istehsal edir. Bu tüfənglər Pikkatini relsi, kollimator və optik nişangahlarla təchiz olunub. ASR-300/ASR-300C adlı 7,62×35 mm çaplı snayper tüfənginin çəkisi 4,5 kq, uzunluğu 950 mm, qundağı yığılmış halda 700 mm, səsboğucusuz, qundaqla birgə uzunluğu 490 mm, darağının tutumu 10 patron, güllənin başlanğıc sürəti 320 metr/saniyədir. Bu snayper tüfəngində atış tək-tək doldurulur.

Aspar Arms şirkəti “Kalaşnikov” avtomat tüfənginin bazasında ASS-300 adlı yarı-avtomatik snayper tüfəngi yaradıb. Səssiz atışlar üçün nəzərdə tutulan bu snayper tüfəngi 7.62×35 mm çaplı patronlar tətbiq edir. Silahın uzunluğu 920 mm, lüləsinin uzunluğu 250 mm, çəkisi 4,3 kq, atış məsafəsi 200 metrdir. Silahın darağı 10 patron tutumuna malikdir. Güllənin başlanğıc sürəti isə 320 metr/saniyə təşkil edir.