21/11/2016 23:52

Ərşad Malik: “Azərbaycanı ehtiyac duyulan təyyarələrlə təmin etmək istəyirik”

Foto: AzeriDefence

Bakıda keçirilmiş ADEX-2016 sərgisinə ilk dəfə qatılan Pakistan Aeronautical Complex (PAC) təşkilatı sərgidə JF-17 “Thunder” döyüş, “Mushshak” və “Super Mushshak” təlim təyyarələrini tanıdıb. Sərgi müddətində prezident İlham Əliyev, baş nazirin müavini Yaqub Eyyubov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov şirkətin stendində olub, PAC rəhbərliyi tərəfindən nümayiş etdirilən aviasiya texnikaları barədə detallı məlumat alıblar. Qeyd edək ki, əvvəlcə sərgidə JF-17 “Thunder” təyyarəsinin əyani nümayişi nəzərdə tutulsa da texniki səbəblərlə əlaqədar təyyarənin nümayişi təxirə salınıb.

Sərgidə iştirak edən PAC təşkilatının sədri, Hava Qüvvələri marşalı Ərşad Malik “Azeri Defence” jurnalına müsahibəsində Pakistan aviasiya sənayesinin mövcud imkanları və potensialından danışıb, istehsal etdikləri hava platformalarının özəlliklərini anladıb.

-Cənab Malik, öncə PAC tarixi, fəaliyyətm istiqamətləri və həyata keçirdiyi layihələr barədə oxucularımıza məlumat vermənizi xahiş edirik.

-PAC 1971-ci ildə yaradılıb. İlk vaxtlar müəssisələrimiz servis işlərinin həyata keçirilməsi ilə məşğul olub. Bir müddət sonra müxtəlif layihələrin icrasına istiqamət götürüb. Artıq PAC Çin, İngiltərə, Fransa, ABŞ, İtaliya və digər ölkələrin şirkətləri ilə yaxından əməkdaşlıq edir. İstehsal və servis xidmətləri ilə bərabər tərəfimizdən müxtəlif ölkələrin pilotları üçün təlimlər təşkil olunur. Bu gün müəssisələrimiz tərəfindən müxtəlif model təlim, döyüş təyyarələri və PUA-ların, həmçinin müxtəlif sistemlərin istehsalı həyata keçirilməkdədir. Hazırda PAC tərəfindən MFİ-17 “Mushshak”, MFİ-395 “Super Mushshak” təlim, “Karakoram-8” (K-8) reaktiv təlim, JF-17 “Thunder” döyüş təyyarələri istehsal edilir.

malik

Ərşad Malik – PAC İdarə Heyətinin sədri

-Hazırda PAC-ın JF-17 “Thunder” layihəsində istehsal payı nə qədərdir?

-Hal-hazırda PAC bu layihəni Çinin CAC korporasiyası ilə birlikdə reallaşdırır. Təyyarənin hissələrinin 60%-i Pakistan müəssisələrində, qalan hissəsi isə Çində istehsal edilir. Təyyarənin yığılması və testləri də Pakistanda həyata keçirilir.

-Bu günədək neçə ədəd JF-17 istehsal edilib?

-PAC tərəfindən Pakistan Hərbi Hava Qüvvələri üçün 70 ədəd JF-17 istehsal edilib. Bunlardan 50 təyyarə Block I, 20 təyyarə isə Block II versiyasıdır. Bloklar arasında fərqə gəlincə, avionika yenilənib. Yeni tələblər nəzərə alınıb. JF-17 təyyarələrinin unikallığı ondan ibarətdir ki, bu platformaya istifadəçinin istyinə uyğun olaraq fərqli silah sistemləri inteqrasiya oluna bilər.

 -Təyyarənin silah yükü barədə bir qədər geniş məlumat verə bilərsinizmi?

-JF-17 “Thunder” yüksək “hava-hava” və “hava-yer” döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırkı Rusiya istehsalı olan təyyarələrlə müqayisədə üstünlüklərə malikdir. Avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarət və son model silahlar eyni sinifdən olan rəqiblər üzərində JF-17 təyyarəsinə həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin güclü platforma kimi ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, “hava-səth” tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. Ümumilikdə JF-17-nin maksimum silah yükü 3.7 tona yaxındır. İstifadəçinin istəyindən asılı olaraq təyyarədə qərb/NATO, sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.

JF-17 “Thunder” təyyarəsinin əsas xüsusiyyətlərini aşağıdakı kimi sıralaya bilərik:

  • Müasir aerodinamik dizayn – təkmilləşdirilmiş xarakteristikalar, səsdən sürətli hava qəbulediciləri uçuş rejimlərinin bütün diapazonları üzrə yüksək səviyyəli uçuş keyfiyyətləri təmin edir.
  • Möhtəşəm uçuş keyfiyyətləri və Uçuşun Rəqəmsal İdarəetmə Sistemi ilə idarəetmənin sadəliyi.
  • Sabit, etibarlı və yoxlanılmış forsaj kameraya malik turbovintli mühərrikə malik olması.
  • Gözəl interfeys.
  • Tam şüşəli kabinə, çox rejimli dopler RLS, qabaq şüşə üzərində ağıllı indikasiya, üç ədəd “ağıllı” çoxtəyinatlı rəngli displey və HOTAS.
  • Birbaşa görüntüdən kənarda da görmək imkanı.
  • Az istifadə xərcləri.
JF-17 “Thunder” təyyarəsinin mövcud radarı hədəfləri 360 dərəcədə və üç ölçüdə, raket xəbərdarlıq sistemi həm infrared həm də ultraviolet olmaqla iki fərqli tezlikdə təsbit edir. Eqzoz qazlarına qarşı son dərəcə həssas olan sistem təyyarəyə atılan raketlər barədə pilotu 60 km məsafədən xəbərdar edir.   JF-17 “Thunder” təyyarələrinin idarəetməsində Dəbilqəyə Bağlı Görüş Sistemindən (HMS) istifadə olunur. JF-17-lərin 4.5-ci nəsil EFIS kokpit sistemi “Rockwell Collins” və “Honeywell” şirkəti tərəfindən istehsal olunur. Pilot ehtiyac duyduğu bütün məlumatları təyyarənin idarəetmə panelində yerləşən 20.3 x 20.3 sm ölçülü üç ədəd rəngli ekranda görür. Təyyarənin  HUD sistemi Pakistan firmaları tərəfindən yaradılıb və hər cür şəraitdə pilotu yenilən informasiyalarla tanış edir. Həm HUD, həm də ekranlar dünyanın müxtəlif ölkələrində istehsal olunan hədəfləmə podları ilə inteqrasiya olunma qabiliyyətinə sahibdir.

-JF-17 təyyarəsinin ixracı istiqamətində hansı addımlar atılır? Son dövrlərdə bir neçə ölkəyə ixracına başlanılması barədə xəbərlərlə rastlaşırıq.

PAC

Sağdan sola – Azeri Defence jurnalının baş redaktoru Rəşad Süleymanov, PAC sədri Ərşad Malik və POF direktorlar şurasının sədri general-leytenant Ömər Mahmud Həyat

Artıq təyyarənin bir ölkəyə ixracatını həyata keçiririk. Daha 4 potensial alıcımız mövcuddur. Azərbaycanın da bu təyyarəyə marağı var. Dövlət başçıları arasında bu təyyarənin əldə edilməsinə dair söhbət olub. 2014-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyi Pakistan səfəri əsnasında PAC müəssisəsini ziyarət edərək təyyarə ilə yerində tanış olub.

Azərbaycan Kəşmir, Pakistan isə Dağlıq Qarabağ məsələsində bir birlərini dəstəkləyir. Biz satış məqsədi ilə deyil, kömək məqsədi ilə bu təyyarələri Azərbaycana təqdim etməyə hazırıq. ADEX sərgisi müddətində Azərbaycanın hökumət və silahlı qüvvələrinin rəhbərliyinə, o cümlədən prezident İlham Əliyevə təyyarə barədə məlumat verdik.

-Təyyarənin Azərbaycan şəraitində testləri nəzərdə tutulurmu?

-Belə bir şey mümkündür. Azərbaycan istəsə bunu edə bilərik.

-Təyyarənin mühərriki əvvəlki illərdə Çin üzərindən Rusiyadan tədarük edilirdi. Yanılmırıqsa, iki il əvvəl siz bunun birbaşa çatdırılmasına dair Rusiya tərəfi ilə görüşmələrə başladınız.

-Biz çalışırıq ki məsələni birbaşa tədarük yolu ilə həll edək. Bu istiqamətdə Rusiya ilə danışıqlar gedir.

-Türkiyənin təlim təyyarələrinin satın alınmasına dair tenderinə MFİ-395 “Super Mushshak” təyyarəsi ilə qatılmışdınız. Bu tenderin nəticləri bəlli oldumu?

-“Super Mushshak” təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdəndir. Hazırda “Mushshak” və “Super Mushshak” təyyarələri Pakistanla yanaşı İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qatarla da təyyarənin alğı-satqısına dair müqavilələrimiz var. Türkiyənin elan etdiyi tenderə 4 istehsalçı şirkət təklifini vermişdi. Türkiyə artıq seçimini edib. Müqavilə əsasında biz onlara başlanğıcda 52 təyyarənin çatdırılmasını həyata keçirəcəyik. Sonradan bu rəqəm arta bilər. Təyyarələrin Türkiyəyə çatdırılmasına 2017-ci ildən başlanacaq.

-“Super Mushshak” təyyarələrinin bazasında silahlandırılmış yüngül hücum, kəşfiyyat, patrul təyyarələrinin hazırlanması layihələrini nəzərdən keçirirsinizmi?

-“Super Mushshak” yüngül təyyarədir. Hazırda təlim təyyarəsi olaraq istifadə edilir. Bu təyyarə hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlüksəzlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilir ki, bu krtieriyalarına görə təyyarənin patrul missiyalarında istifadəsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur.

Biz “Super Mushshak” barədə Azərbaycan tərəfini də məlumatlandırmış, təqdimatlar keçirmişik. Düşünürük ki, Azərbaycanın daha müasir və təhlükəsiz təlim təyyarələrinə ehtiyacı var. Ona görə də biz Azərbaycan Hərbi Hava Qüvvələrinə “Super Mushshak” kimi təyyarələrə keçməyi təklif edirik. Azərbaycan qardaş ölkəmizdir. Biz Azərbaycanın hərbi sahədə ehtiyaclarını qarşılamaq, ehtiyac duyulan təyyarələri təmin etmək istəyirik. Pakistan müharibələr keçmiş ölkədir və müharibə təcrübəmiz var. Biz qardaş ölkə olaraq öz təcrübəmizi Azərbaycanla bölüşməyə hər zaman hazırıq.

“Super Mushshak” təyyarəsi
Heyət – 2
Uzunluq - 7.15 m
Qanad açıqlığı – 8.85 m
Hündürlük – 2.60 m
Boş çəki – 760 kq
Uçuş ağırlığı – 1250 kq
Mühərrik -  1 ədəd 260 at gücündə Textron Lycoming IO-540 V4A5 (6 silindr)
Maksimum sürət - 268 km /saat
Kuriz sürəti - 240 km / saat
Birbaşa uçuş uzaqlığı - 814 km
Havada qalma müddəti 4 saat 15 dəqiqə
Uçuş hündürlüyü 6705 metr
Xarici asmada yükgötürmə qabiliyyəti - 300 kq