13/12/2017 15:39

Estoniya “Javelin Block-1” TƏİR kompleksinin yeni partiyasını alıb

Estoniya ABŞ-dan “Javelin Block-1” tank əleyhinə idarə olunan raket (TƏİR) komplekslərinin yeni partiyasını alıb.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, cari ilin dekabr ayının 11-də Estoniya Müdafiə Qüvvələri ABŞ-dan yeni modifikasiya edilmiş, daşına bilən yüngül “Javelin Block-1” tipli TƏİR komplekslərinin növbəti partiyasını alıb.

2014-cü ilin noyabrın 20-də imzalanmış müqaviləyə əsasən, dəyəri 55 milyon ABŞ dolları olan komplekslərın “Foreign Military Sales” (FMS) xətti ilə Estoniyaya çatdırılacağı planlaşdırılıb.

Müqaviləyə uyğun olaraq sifarişçiyə 350 ədəd “Javelin” raketi, 80 ədəd buraxıcı qurğu, 102 ədəd enerji təchizatı bloku, EPBST-in 16 ədəd trenajor kompleksi, 102 praktik raket və digər ehtiyat hissələri çatdırılıb. 55 milyon ABŞ dolları dəyərində olan müqavilənin 33 milyonu “European Initiative Reassurance” proqramı çərçivəsində maliyyələşdirilir.

“Javelin Block-1” komplekslərinin Estoniyaya tədarükünə 2016-ci ilin əvvəlində başlanılıb. Buna qədər Estoniya ABŞ-dan “Javelin Block-0” modifikasiyalarını alıb.

Estoniyaya verilən “Javelin Block-1” əvvəlki modelləri ilə müqayisədə daha böyük sürətə və dağıdıcı gücə malikdir. Kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

Qeyd edək ki, “Javelin” daşınabilən tank əleyhinə raket kompleksi 1996-cı ildə ABŞ Ordusunun silahlanmasına daxil edilib. “Javelin” sonrakı illərdə Litva, Gürcüstan, Çexiya, İrlandiya, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Tayvan, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, BƏƏ, Qətər, Bəhreyn və Fransa ordularının istifadəsinə verilib. Döyüş sursatı zirehli texnika, həmçinin helikopterlər və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur.