14/03/2013 12:09

FHN imkanlarını “Xəzər-2013” təlimində nümayiş etdirdi

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə “Xəzər-2013” taktiki təlimi keçirilib. “AzeriDefence”nin məlumatına görə, əvvəlcə FHN-in inventarındakı avadanlıqlar və texnikalar, çadır hospital və daldalanacaqlar, müxtəlif nəqliyyat vasitələri və detektorlar qonaqlara nümayiş olunub.

Təlimdə Bakı ətrafında baş vermiş şərti zəlzələ zamanı xilasetmə və yanğınsöndürmə epizodları icra olunub.

Üç komponent – quru, dəniz və hava olmaqla keçirilən təlimlərə Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası da cəlb edilib.

Təlimin sonunda FHN-in texnikalarının nümunəvi keçidi olub.

Təlimi Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi, bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri, müxtəlif dövlət və hökumət strukturlarının nümayəndələri izləyiblər.