27/04/2018 22:47

FNSS şirkəti tanklarla mübarizə maşınının seriyalı istehsalına hazırlaşır

Türkiyənin FNSS şirkəti “Kaplan-STA” tanklarla mübarizə maşınının seriyalı istehsalına başlayacaq.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə FNSS şirkəti məlumat yayıb.

“Kaplan-STA” tanklarla mübarizə maşınının yanvar ayında birinci prototipinin istehsalı yekunlaşıb və hazırda maşının tamamlama işləri davam edir. Növbəti mərhələdə, maşınının qəbul testlərinə başlanılacaq. Bütün bunlar yekunlaşdıqdan sonra isə seriyalı istehsal mərhələsinə start veriləcək.

“Kaplan-STA” 27 iyun 2016-ci il tarixində Türkiyə Müdafiə Sənayesi Katibliyi və FNSS şirkəti arasında imzalanan və Silah Daşıyan Maşınlar Layihəsi çərçivəsində yaradılıb. Müqavilə çərçivəsində 2021-ci ilədək tırtıllı və təkərli konfiqurasiyada 260 ədəd zirehli tanklarla mübarizə maşını tədarük ediləcək.

STA layihəsi çərçivəsində hazırlanan təkərli “Pars-STA”nın birinci prototipinin aprel ayında tamamlanması, may ayında isə yekun sınaqlara başlanması nəzərdə tutulur.

“Kaplan-STA” dünya ordularındakı oxşar döyüş maşınları arasında ən müasiri olmaqla yanaşı, mina və zireh qorunmasına da sahibdir. Çəkisi az olduğundan, müxtəlif tapşırıqlarda istifadə olunacaq platforma kimi də nəzərdə tutulub. Tanklarla mübarizə maşını müasir tank əleyhinə raketlərlə yanaşı, 7.62 mm-lik pulemyotla da silahlandırılacaq. “Kaplan-STA” amfibiya xüsusiyyətinə də sahibdir.