27/04/2019 02:00

FNSS şirkətinin yeni zirehli istehkam maşını “Pars III 8×8” – FOTO

Türkiyənin FNSS şirkəti Oman Ordusunun Quru Qoşunları üçün “Pars III 8×8” zirehli maşınlarının müxtəlif konfiqurasiyalarını hazırlayıb.

FNSS şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, modulyar “Pars III 8×8” zirehli istehkam maşının kalifikasiya testlərinin bu ilin ortalarında tamamlanması və ardından maşının invertara daxil edilməsi planlaşdırılır.

FNSS mütəxəssislərinin sözlərinə görə, “Pars III 8×8” istehkam maşını mina təmizləmə və maneə qurma/yıxma əməliyyatlarını yerinə yetirən ilk 8×8 təkər formuluna malik texnikadır. İstehkam maşını qısa müddətdə taxılıb çıxarıla bilən avadanlıq və alətləri sayəsində fərqli xidmətləri yerinə yetirə bilir.

Qeyd edək ki, Oman Quru Qoşunlarının zirehli maşına olan ehtiyacını qarşılamaq üçün elan etdiyi tenderi qazanan FNSS şirkəti “Pars” zirehli avtomobillərin ilk partiyasının çatdırılmasını 2017-ci ilin noyabr ayında həyata keçirib. Saziş çərçivəsində, 2020-ci ilə qədər Oman Quru Qoşunlarına, “Pars III 8×8” və “Pars III 6×6” olmaqla cəmi 13 konfiqurasiyada 172 zirehli maşının tədarük edilməsi planlaşdırılır.