20/04/2018 20:09

Fövqəladə Hallar Nazirliyində hərbi attaşelərlə görüş keçirilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə ABŞ, Rusiya, Çin, Türkiyə, Böyük Britaniya, İtaliya, İran, Belarus, Bolqarıstan, Çexiya, Qazaxıstan, Ukrayna, Macarıstan səfirliklərinin hərbi attaşeləri iştirak ediblər.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Nazirliyin fəaliyyət istiqamətləri, iş prinsipləri, strukturu və qurumları, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ətraflı məlumat verilib. FHN-in beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan F.Tağı-zadə Prezident İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar 2017-ci il noyabrın 3-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilmiş “Xəzər-2017” beynəlxalq təlimindən bəhs edən videoçarxı izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini kapitan Əsmər Salamova Mərkəzin fəaliyyətinə dair təqdimatla çıxış edib.

Toplantıda qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib, müvafiq əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunub. Tədbirdə attaşelərin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki Assosiasiyası adından Fövqəladə Hallar Nazirliyinə xatirə hədiyyəsi təqdim edilib.