17/04/2019 13:58

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib

Təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasıdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib.

Bu barədə “AzeriDefence”yə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə Akademiyanın kursantları üçün keçirilən təlim nəzəri və praktiki hissəldən ibarət olmaqla iki mərhələdə təşkil edilib.

Təlimin açılışında çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, tədbirin keçirilməsində məqsəd kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumatın verilməsi, həmçinin kursantların xilasetmə, pirotexniki, kinoloji sahələr üzrə bilik və bacarıqlarının artırılmasıdır. Akademiyanın rəisi təlim iştirakçılarına uğurlar arzulayıb, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələcəklərinə əmin olduğunu bildirib.

Sonra FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev qeyd edib ki, təlimlərin təşkilində əsas məqsədlərdən biri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılmasıdır. Həyat fəaliyyəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsinin vacibliyini vurğulayan idarə rəisi bu cür təlimlərin kursantların qəza-xilasetmə işləri ilə bağlı biliklərinin artırılması və müvafiq vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Təlimin nəzəri hissəsində kursantlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin istifadəsində olan xüsusi təyinatlı nəqliyyat vasitələri, xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.

Praktiki hissədə isə “zərərçəkmiş”lərin hündürlükdən təxliyyəsi, şərti uçqun və sürüşmə baş vermiş ərazidə axtarışı və xilasetmə işləri, nəqliyyat vasitəsində olan “partlayış təhlükəli əşya”nın kinoloji qrup tərəfindən aşkar edilməsi, pirotexniki qrup tərəfindən zərərsizləşdirilməsi və qəza-xilasetmə işlərinə dair digər hərəkətlər nümayiş olunub.

Təlimə 58 nəfər canlı qüvvə və 11 xüsusi nəqliyyat vasitəsi cəlb olunub, xüsusi təyinatlı xilasetmə alət və avadanlıqlarından istifadə edilib.