01/12/2017 19:25

Fransanın yeni çoxməqsədli tank əleyhinə raket kompleksi MMP – VİDEO

MBDA şirkətinin istehsalı olan yeni nəsil tank əleyhinə idarə olunun raket kompleksinin ilk partiyası Fransa Silahlı Qüvvələrinə təhvil verilib.

Bu barədə “AzeriDefence”yə MBDA şirkətindən məlumat verilib.

MMP (Missile Moyenne Portee) versiyalı orta mənzilli raketlər 2011-ci ildən MBDA şirkəti tərəfindən hazırlanır.

2013-cü ildə istehsalçı və Fransa Müdafiə Nazirliyi arasında 2850 raket və 400 işəsalma qurğusunun Fransa ordusuna çatdırılmasına dair müqavilə imzalanıb. 12 işəsalma qurğusu və 50 raketin daha əvvəl uyğunlaşdırılmış qrafik çərçivəsində tədarükü həyata keçirilib.

Beşinci nəsil yerüstü hərbi kompleks hesab olunan MMP raketləri avtomatik tuşlama, inersiyalı-peyk naviqasiya və lif optika sistemini özündə birləşdirir. Bu bağlı mövqelərdən işə salmanı yerinə yetirməyə, həmçinin raketin hədəfə uçuşu zamanı mürəkkəb manevrlər etməsinə imkan verir.

Raketin maksimal atış uzaqlığı 4,1 kilometr təşkil edir. MMP hazırda Fransa ordusunun silahlanmasında yer alan “Milan” (1972-ci ildən istifadə olunur) və Amerikanın “Javelin” tank əleyhinə raket komplekslərini əvəz etməlidir.

Şirkətdən verilən məlumata görə, sonrakı dönəmdə MBDA zirehli texnika ilə yanaşı aviasiya platformaları üçün MMP raketlərinin işəsalma qurğularını yaratmağı planlaşdırır. Bundan başqa, şirkət MMP-nın “böyük qardaşları”nın hazırlanmasıyla məşğul olur. Analoji idarə sisteminə malik yeni MLP və MHP raketləri böyük hərəkət radiusuna və avtomatik tuşlama qabiliyyətinə sahib olacaq.