02/04/2019 10:21

Füzulidə dövlət sərhədini pozan şəxslər saxlanılıb

Azərbaycan sərhədçiləri İrandan Azərbaycana naroktik vasitə keçirən şəxsləri saxlayıblar.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Martın 22-i, saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldı­rılaraq həmin sahə istiqamətində hərəkət edib və İrandan Azərbaycan doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliy­yat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi his­sə­sində “Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şüb­həli şəxs qismində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Res­publikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulmuş, əraziyə baxış za­manı ümumi çə­kisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb. Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.