21/08/2019 17:00

Füzulidə top mərmisi aşkar edilib

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 21 avqust 2019-cu il tarixlərində 156 siqnal (əməliyyat çağırışı) əsasında 133 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib. 1 687 ədəd partlamamış hərbi sursat (PHS), 18 630 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 132 415 kv.m ərazi yerüstü və 9 357 kv.m ərazi yeraltı yoxlanılıb.