28/09/2018 16:53

Gənc əsgərlərin ixtisas hazırlığı kursları başa çatdı

İyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər Əlahiddə Ümumqoşun Orduda təşkil edilmiş ixtisas hazırlığı kurslarını uğurla bitiriblər.

“AzeriDefence” “Nuhçıxan” agentliyinə istinadən xəbər verir ki, ixtisas hazırlığı kurslarının uğurla başa çatması münasibəti ilə Əlahiddə Ümumqoşun Orduda növbəti tədbir keçirilib. Tədbirdə çıxış edən zabitlər, əsgərlər və valideynlər kurslarda fəallıq göstərərək yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Tədbirdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahsız və silahlı çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözü bağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğularının döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini praktiki yerinə yetiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Bölmələrin tribuna önündən təntənəli keçidindən sonra “Əsgər marşı” ifa edilib. Beləliklə də iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış və ixtisas hazırlığı kurslarını uğurla bitirmiş əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.