21/08/2017 14:16

Gənc sərhədçilər and içdilər

Avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edənlər vətənə, dövlətə sədaqət andı içərək Azərbaycan sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarını və xidmətdə yüksək nəticələrə nail olacaqlarını əminliklə vurğulayıblar.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarına vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqlarını tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.