20/05/2019 13:44

Gənc sərhədçilər and içiblər – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına DSX rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət Azərbaycan sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkənin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və  Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyini xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkənin ərazi bütövlüyününün bərpası, işğal altında olan torpaqlarda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib. Eyni zamanda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndirilib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.