26/11/2018 11:30

Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib – FOTO

Noyabrın 24-də Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəki və Zaqatala şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Mərasimdə Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar. Tədbirlərdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyününün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib.

Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

\