29/07/2019 16:29

Gənc zabitlər xidmətə qəbul edilib

Azərbaycan Ordusunun hərbi hissələrindən birində ali hərbi məktəbi yeni bitirmiş gənc zabitlərin xidmətə qəbulu ilə bağlı mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir hərbi hissənin sıra meydanında təntənəli düzülüşlə başlayıb, dövlət bayrağı meydana gətirilib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni ifa olunub.

Gənc zabitlərə hərbi hissənin tarixindən, keçdiyi döyüş yolundan, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraitindən danışılıb.

Leytenantlar əsgər yataqxanaları, anbarlar, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlarla tanış olublar.