29/11/2019 16:26

Gəncə şəhərində 24 ədəd FAB-50PŞ aviasiya bombası tapılıb – FOTO

Noyabrın 28-i saat 19:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmilənməasi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli 7 ədəd aviabomba (FAB-50PŞ) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 29 noyabr tarixində də davam etdirilib. Nəticədə əlavə olaraq təlim məqsədli 24 ədəd aviabomba (FAB-50PŞ), 17 ədəd isə aviabombanın müxtəlif hissələri aşkar olunub.

Aşkar olunmuş obyektlər Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilərək heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.