16/10/2017 12:13

Gəncədə 2 saylı təcridxananın qarşısında 2 ədəd top mərmisi aşkar olunub

Oktyabrın 15-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu ərazisində qazıntı aparılan zaman 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Atatürk prospekti ilə Akademik Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən 2 saylı təcridxananın qarşısında ″Aqrar tikinti″ şirkəti tərəfindən qazıntı aparılan əraziyə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 152 mm-lik top mərmisi aşkar olunub. Mərmilər götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.