24/06/2016 21:39

Gəncədə hərbi qulluqçulara yeni mənzillər verilib

İyunun 24-də Gəncə şəhərində Silahlı Qüvvələr Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” prezident İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar Silahlı Qüvvələrdə 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin təqdim olunması mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən birlik komandiri general-mayor Xəqani Cəbrayılov hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirərək zabitlərə və onların ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.

Sonra Silahlı Qüvvələrin sıralarında xidmət edən, istefada və ehtiyatda olan 146 hərbi qulluqçuya mənzillərin sənədləri və açarları təqdim olunub.

Mərasimdə çıxış edənlər yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.