27/03/2019 19:06

Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən hərbi rəhbərlərin toplantısı keçirilib

Əlahiddə Ümumqoşun Orduda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlığının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən dərslərdə bildirilib ki, gələcəyin əsgərləri olan şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması, hərb sənətinə marağın artırılması, gənclərin hərbi xidmətə yüksək səviyyədə hazırlanması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Bu baxımdan hərbi rəhbərlərin üzərinə böyük məsuliyyət düşür.

Nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda film və video-çarxlar nümayiş etdirilib.

Təlim toplantısında müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilərək normativlər qəbul olunub. Yaralılara ilkin tibbi yardım edilərək onların döyüş meydanından təxliyəsi üzrə dərslər  keçilib.

Yekun tədbirində təlim toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Cavid Məmmədov və Əlahiddə Ümumqoşun Ordu komandanın müavini, general-mayor Teymur Eyyubov belə təlim toplantıların böyük əhəmiyyət daşıdığını bildirib, hərbi rəhbərlərin peşəkarlığının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayıblar.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və ibtidai hərbi hazırlıq vasitələri təqdim edilib. Tam orta məktəblərdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi əhəmiyyət verilməsinin nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edənlərin sayı ildən-ilə artır.

Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.