15/12/2017 16:53

General Kərim Vəliyev: “Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”

Bu gün müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların əksəriyyəti peşəkar insanlardır.

“AzeriDefence”xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

General Kərim Vəliyev bildirib ki, Ordu haqqında danışarkən diqqətli olmaq lazımdır: “Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”.

Nazir müavini qeyd edib ki, orduda ictimai nəzarət də var: “Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. Bundan başqa, 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edirlər. Burada müddətdən artıq hərbi xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Qeyd edim ki, həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər”.

“Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi fikirdən sonra mən ona zəng elədim. O da bildirdi ki, bu haqda kimdənsə eşidib”, – deyə general Kərim Vəliyev əlavə edib.