14/02/2014 07:27

General-leytenant Arzu Rəhimov: Məqsədimiz çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır

Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə 2013-cü ildə də ciddi nailiyyətlər əldə etmiş, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son on ildə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almışdır.
Ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yaradılan gündən ötən 2 il müddətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görülmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidməti fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununu, «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»ni və Xidmətin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktları rəhbər tutmaqla qurmuşdur.
Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibbi şəhadətləndirilərək qeydiyyata alınırlar. İlkin qeydiyyata alınma zamanı qeydiyyata alınan çağırışçıların sayının müəyyən edilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir. Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçılar seçilirlər. Bununla belə, Xidmət tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Ümumiyyətlə, Azərbaycan Respublikasında vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə Xidmət tərəfindən mütəmadi təhlillər aparılır. Çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır. Bu məqsədlə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaqdır. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi məqsədi ilə 2013-cü il ərzində də çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi təmin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölmələri tərəfindən çağırışçıların təyin olunduqları hərbi hissələrə təntənəli yolasalınma mərasimləri təşkil olunmuş, yerli özünüidarəetmə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmiş, tədbirlər telekanallar tərəfindən işıqlandırılmışdır.
Müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili Xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Dövlətin silahlı hücumdan müdafiəsinin təmin edilməsi və müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların hazırlanması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin hazırlığı qarşımızda dayanan mühüm vəzifələrdəndir.
Ötən müddətdə Xidmət tərəfindən səfərbərlik hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, səfərbərliyin idarə olunması, hərbi vəzifəlilərin xəbərdar edilərək toplanmasının yoxlanılması məqsədi ilə Xidmətin yerli şöbə və bölmələrində praktiki məşğələlər keçirilmiş və plana əsasən cari ildə də bu sahədə işlər davam etdiriləcək. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi qaydaları, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların sifarişlərinə əsasən ehtiyatda olan zabitlərin səfərbərlik zamanı çağırılmasına dair naryadlar işlənilmiş, ehtiyatda olan zabitlərin mövcudluğu, sərfi və qalığı haqqında məlumatlar toplanılmışdır. 2013-cü il üçün mülki müdafiə tədbirləri tədbirləri planı hazırlanmış və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanlığı ilə razılaşdırılmışdır. Eyni zamanda, Xidmətin yerli idarə, şöbə və bölmələrinin mülki müdafiə tədbirləri planı Mülki Müdafiə Qoşunlarının regional və rayon Fovqəladə Hallar Mülki Müdafiə şöbələri ilə razılaşdırılmışdır. Bununla yanaşı, Müdafiə Nazirliyindən alınmış sifarişlərə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun dəyişən heyətlə komplektləşdirilməsi məqsədi ilə namizədlərin göndərilməsi təmin olunmuşdur.
Ötən müddət ərzində mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat, təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılmış, bu sahədə mövcud olan qanunvericilik təkmilləşdirilmişdir.
Son illərdə Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşısında da təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz halların aradan qaldırılması üçün güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən il ərzində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, daxil olmuş məlumatlar əsasında müvafiq araşdırmalar aparılmış, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. Bu işlər Azərbaycan Respublikasında vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, habelə korrupsiyaya qarşı mübarizə ilə bağlı hüquqi təbliğatın gücləndirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər planına əsasən həyata keçirilmişdir. Eyni zamanda, ölkə başçısının «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na dair müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2013-cü ildə yerinə yetiriləcək tədbirlərin planı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunmuş, icrası təmin edilmişdir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlər sırasında heç şübhəsiz mühüm yeri vətəndaşlara elektron xidmətlərin göstərilməsi tutur. Son illərdə sözügedən istiqamətdə əksər mərkəzi icra hakimiyyəti orqanları ciddi nailiyyətlər əldə etmişlər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də onların sırasında yer almışdır. Belə ki, cənab Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına və “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədi ilə ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytı yaradılmışdır. Sayt istifadəyə verilən vaxtdan vətəndaşlara Xidmətlə operativ ünsiyyət qurmaq, onları maraqlandıran mövzu və suallarla bağlı informasiya əldə etmək imkanları yaradılmışdır.
Ötən il ilk olaraq çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti istifadəyə verildi. Daha sonra 4 elektron xidmət istifadəçilərə təqdim edildi. Hazırda SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatmışdır. Xidmətin internet saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır. Qısa müddətdə müraciətlərin çoxluğu vətəndaşlar tərəfindən elektron xidmətlərin maraqla qarşılandığını göstərir. Eyni zamanda, elektron xidmətlər bəzi neqativ halların qarşısının alınmasında, fəaliyyətimizdə şəffaflığın təmin olunmasında mühüm rol oynayır.
Elektron əlaqə yaratmaqla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması məqsədi ilə Xidmət rəisi tərəfindən il ərzində respublikanın bütün regionlarında və Xidmətin Apa¬ra¬tında mütəmadi olaraq vətəndaşların qəbulu keçirilmişdir. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülmüş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Yarandığı gündən Xidmət ictimaiyyət qarşısında hesabatlılığı fəaliyyətində əsas prinsip götürdüyündən KİV-lə əlaqələrə də üstünlük vermiş, medianın sorğu və müraciətlərinə diqqətlə yanaşmışdır. Ötən il həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü keçirilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin media ilə əlaqələri mövzusunda müzakirələr aparılmışdır.
Xidmətin diqqətdə saxladığı istiqamətlərdən biri də heş şübhəsiz, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər olmuşdur. Bu məqsədlə inkişaf etmiş ölkələrin müvafiq istiqamətdə qanunvericilik təcrübəsi öyrənilmiş, mövcud mütərəqqi nümunələr əsas götürülməklə, yerli şərait nəzərə alınmaqla təkliflər hazırlanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, İnzibati Xətalar Məcəlləsinin «Hərbi uçot qaydaları əleyhinə olan inzibati xətalar» bölməsinə, «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Nazirlər Kabinetinin Qərarına, «Hərbi-Həkim Ekspertizası haqqında» Əsasnaməyə, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Əsasnaməyə, o cümlədən «Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlıq proqramı», «Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması», «Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və qaydası» layihələrinə əlavə və dəyişikliklər olunması barədə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur. Fəaliyyəti dövründə Xidmət tərəfindən qanunlara əlavə və dəyişikliklərlə bağlı 400-dən artıq təklif verilmişdir ki, onlardan da bir çoxu qəbul edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Fərmandan irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bütün istiqamətlər üzrə rəhbəredici sənədlər hazırlanmış, Cəmiyyətin bazasında müvafiq filiallar yaradılmışdır. İl ərzində Cəmiyyətin filiallarında əsaslı təmir işləri aparılmış, bununla yanaşı, bir sıra obyektlərin inşasına başlanılmışdır. Ötən il «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialı əsaslı təmirdən sonra fəaliyyətə başlamışdır. Hazırda Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xüsusi hərbi ixtisaslar üzrə peşəkar kadrların hazırlığı aparılır. Gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə peşəkar kadrların hazırlanması və ordu sıralarına ixtisaslı mütəxəssislərin göndərilməsi üçün müvafiq tədbirlər görüləcək.
Xidmətin fəaliyyətində çağırışçılarla iş əhəmiyyətli paya malik olduğundan onların hələ orta məktəbdə təhsil aldığı dövrdən hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi həm qanunvericilik, həm də mənəvi baxımdan üzərimizə mühüm vəzifələr qoyur. Respublikada hərbi vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri yerli dövlət orqanları ilə birgə hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində məqsədyönlü iş aparır, gələcək döyüşçülərə Vətənin taleyi üçün yüksək cavabdehlik məsuliyyəti aşılayır. Gənclərə Vətənin müstəqilliyini və ərazi bütövlüyünü əldə silahla müdafiə etmək hissləri təlqin edilir, Silahlı Qüvvələrin qəhrəmanlıq salnaməsi öyrədilir, onların müharibə, əmək veteranları və milli qəhrəmanlarla, yüksək döyüş hazırlığı olan əsgər və zabitlərlə görüşləri, habelə çağırışçıların Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına təntənəli şəraitdə yola salınması mərasimləri təşkil olunur.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin sistematik və məqsədyönlü aparılmasına nəzarəti artırmaq, çağırışqabağı hazırlığı və onun keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə təhsil müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini əks etdirən muzeylərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, azərbaycanlı sərkərdələrin, generalların, milli qəhrəmanların, dövlət tərəfindən təltif olunmuş əsgər və zabitlərin, Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş xüsusi hərbi hissələrin döyüş yolunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şücaət göstərmiş döyüşçülərin və şəhidlərin fotoşəkillərini əks etdirən güşələrin təşkili, gənclərin çağırışqabağı hazırlığı fənninin keyfiyyətlə keçirilməsi üçün tədris vəsaitləri və ümumilikdə əyani təbliğat vasitələrinin məzmun etibarilə daha da zənginləşdirilməsi istiqamətində işlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən uğurla gerçəkləşdirilməkdədir. Gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Silahlı Qüvvələr və Qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin daha bilikli və fiziki hazırlıqlı kadrlarla komplektləşdirilməsi məqsədi ilə respublikanın ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında, Gənclər və İdman Nazirliyinin hazırladığı və təsdiq etdiyi Əsasnaməyə müvafiq olaraq, “Şahin” və “Cəsurlar” respublika hərbi idman oyunları keçirilir.
Təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan yeniyetmələrin fiziki hazırlığına yönəldilmiş diqqət gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan yaradır. Məktəb şağırdlərinin hərbi-idman oyunlarına cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasına təkan verir.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsi işində müasir texnologiyalardan istifadə və yeni metodların tətbiqi də zəruri məsələ kimi qarşıda durur. Bu gün gənclər daha çox internetin verdiyi imkanlardan yararlanırlar və onların hamısının bu imkanlardan faydalı şəkildə istifadə etdiyini, düzgün yönləndirildiyini söyləmək olmaz. Xidmət internetin, sosial şəbəkələrin gücündən də istifadə edərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verməyi nəzərdə tutur.
Xidmətin fəaliyyətinin digər mühüm bir istiqaməti hərbi təhsilə marağın daha da yüksəldilməsidir. Buna isə, ilk növbədə, orta təhsil müəssisələrindən başlamaq lazımdır. Orta məktəblərdə hərbi hazırlıq dərslərinin təkmilləşdirilməsi üçün Xidmət tərəfindən müvafiq işlər görülür, fənn müəllimləri ixtisaslı kadrların sırasından seçilir və onların təkmilləşdirilməsi daim diqqətdə saxlanılır. Azərbaycan ordusunun sıralarında xidmət edənlərin fiziki sağlamlığı ilə yanaşı, onların yüksək intellektləri ilə fərqlənməsi də fəaliyyətimizin mühüm tərkib hissəsidir.
Sonda bir daha vurğulamaq istərdik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır.

Arzu Rəhimov,
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi,
general-leytenant

“Respublika” qəzeti