03/04/2019 19:04

General-leytenant Kərim Vəliyev: Ali Baş Komandanın ordumuza verdiyi yüksək qiymət şəxsi heyətin döyüş ruhunu artırıb

Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışını böyük ruh yüksəkliyi ilə qarşılayıb.

“AzeriDefence”nin məlumatına görə, bunu müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev AZƏRTAC-a açıqlamasında deyib.

K.Vəliyev bildirib ki, hərbi hissədə yaradılmış şərait və aparılan quruculuq işləri ilə tanış olan, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığı üzrə məşğələlərini izləyən Ali Baş Komandan görülən işləri, eləcə də xüsusi təyinatlıların və ümumilikdə ordumuzun bütün şəxsi heyətinin hazırlıq səviyyəsini və peşəkarlığını yüksək qiymətləndirib. Bu, bir daha onu göstərir ki, həm dövlət rəhbərliyi, həm də xalqımız ordumuza güvənir və ona böyük ümidlər bəsləyir.

Ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə də silahlanmaya qəbul edilən ən müasir silah və hərbi texnika, o cümlədən yeni texnologiyaların tətbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrimizin hərtərəfli təchizatı, müntəzəm keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldib. Aprel döyüşləri və Günnüt əməliyyatı zamanı əldə olunan uğurlar Ordumuza böyük döyüş təcrübəsi qazandırıb. Bu, ordumuzun yeni qələbələr əldə etməsinə zəmin yaradır.

Müdafiə nazirinin müavini deyib ki, ordumuza göstərilən diqqət və qayğı şəxsi heyətin mənəvi-psixoloji durumuna və döyüş ruhunun yüksəlməsinə də müsbət təsir göstərir. Bu, həm döyüş hazırlığı baxımından bizim üzərimizə daha böyük məsuliyyət qoyur, həm də torpaqlarımızın azad olunması naminə yeni qələbələrin əldə edilməsi üçün şəxsi heyətin əzmkarlığını artırır.

Prezident İlham Əliyev çıxışında hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması məsələsinə toxunaraq bildirdi ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Qeyd etməliyəm ki, sosial təminatın şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında çox böyük rolu var. Bu məsələlərin həlli şəxsi heyətin yalnız xidməti məsələlərlə məşğul olmasına şərait yaradıb. Hərbi qulluqçu biləndə ki, dövlət və xalq ona və ailəsinə qayğı göstərir, o da Vətənin keşiyində möhkəm dayanır və hətta canından belə keçməyə hazır olur.

“Bilirsiniz ki, hərbi qulluqçularla yanaşı, müharibə veteranlarının, şəhid ailələrinin və yaralı hərbi qulluqçuların da sosial təminatı ildən-ilə gücləndirilir. Bu da onlara böyük mənəvi dəstək olur. Həmin şəxslər dövlətin onlara bu cür münasibətini yüksək dəyərləndirir, göstərilən diqqət və qayğıya görə daim Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər.

Ali Baş Komandanın da qeyd etdiyi ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Bunu təkcə dünya ictimaiyyəti deyil, düşmən də yaxşı bilir. Prezidentin son çıxışında toxunduğu məsələlər, qarşımıza qoyduğu tapşırıqlar və verdiyi tövsiyələr müdafiə nazirinin göstərişi ilə artıq ön xətt bölmələrində xidmət edən hərbi qulluqçular da daxil olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətinə çatdırılıb.

Hər kəsə yaxşı məlumdur ki, bu gün ordu ilə xalq arasında çox sıx və səmimi münasibətlər mövcuddur. Xalqımız ordumuza böyük etimad göstərir və onu hər bir məsələdə yaxından dəstəkləyir. Bu birlik bir çox çətinliklərin öhdəsindən gəlmək və torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas göstəricidir. Bu birlik düşmənin qaçılmaz fəlakətli sonluğunu gündən günə yaxınlaşdırır”, – deyə general-leytenant Kərim Vəliyev vurğulayıb.