28/03/2016 16:15

General-leytenant Yaşar Aydəmirov: “Erməni ordusu miflərlə silahlanır”   

Ehtiyatda olan general-leytenant, keçmiş birlik komandiri Yaşar Aydəmirov “AzeriDefence”yə müsahibə verib.

Y. Aydəmirov müsahibəsində Ermənistandakı hərbi-siyasi vəziyyət, düşmən ordusundakı mövcud vəziyyət və erməni general Arkadiy Ter-Tadevosyanın yerli mediaya verdiyi açıqlamasındakı fikirlərinə və digər məsələlərə münasibət bildirib.

– Cənab general-leytenant, uzun illər hərbi əməliyyatlarda iştirak edən bölmə və birlik komandiri kimi Arkadiy Ter-Tadevosyanı necə xarakterizə edərdiniz?

– “Komandos” kimi təqdim olunan bu şəxs azərbaycanlı əhaliyə qarşı amansız davranışları ilə dırnaqarası qəhrəmanlıq göstərib. Onun əli xalqımızın qanına batıb və torpaqlarımızın işğal edilməsində canfəşanlıq göstərənlərdən biri olub.

– Yəqin ki, Ter-Tadevosyanın müsahibəsi ilə də tanış olmusunuz…

– Bəli, onun bu müsahibəsi ilə tanışam. Hesab edirəm ki, Tadevosyan müsahibəsində fərqli və reallığı əks etdirən heç nə deməyib. Əvvəlcədən deyim ki, onun müsahibəsi daxilə hesablanıb və gərginliyi aradan qaldırmaq məqsədi daşıyır. Çünki ordusunu kreditlə aldğı silahlar hesabına saxlayan bir ölkənin generalı yalnız yalan danışmaqla qarşıdakı insanları – oxucularını aldada bilər. Bu bir reallıqdır.

– Bəs, onun Ermənistanda bizə, yəni dolayısı ilə dünyaya bəlli olmayan silahının mövcudluğu haqda dediklərini nə qədər ciddi qəbul etmək olar?

– Ermənistan o imkanlara malik ölkə deyil ki, Azərbaycanı və qonşu dövlətləri narahat edə biləcək silah texnologiyası istehsalına nail ola bilsin. Məlumdur ki, Ermənistana əsas silah-texnika arsenalı Rusiya tərəfindən verilib. Bu gün də bu proses davam edir. Bəllidir ki, müdafiə sənayesi sektorunda əldə olunan uğur yalnız bir müəssisə ilə reallaşa bilməz. Ermənistan isə çoxşaxəli müdafiə sənayesi sektoruna malik ölkə deyil. SSRİ-nin süqutu zamanı hər hansı təhlükəli silahın Ermənistanda qalması kimi fikirlər isə xülyadır. Bu praktik olaraq mümkünsüzdür. Mənə bəllidir ki, hətta Sovet Ordusunun belə Ermənistan ərazisində radioaktiv, bioloji və ya kimyəvi silah bazası olmayıb. Belə bir silahın sonradan ora gətirilməsi isə mümkünsüzdür. Ermənilər bu 20 ildə normal atıcı silahlar və pilotsuz uçuş aparatları (PUA) da yarada bilməyiblər. Silah yaratma sahəsindəki primitiv bacarıqları bu mənada göz qabağındadır. Yəni Tadevosyanın “Bizdə elə silah var ki, düşmən bundan xəbərsizdir” kimi bizə yönələn açıqlaması sərsəmləməkdən başqa bir şey deyil. Belə ağılsız, fakta söykənməyən açıqlama yalnız erməni hərbçilərindən çıxa bilərdi ki, biz bunun artıq şahidiyik…Müqayisə üçün deyim ki, əksinə, bu gün Azərbaycanın müdafiə sənayesi sektoru daxili imkanları hesabına ciddi naliyyətlər əldə edir. Bu faktlarla da öz təsdiqini tapır.

– Cənab general, son illərdə necə, ermənilər yüksək dağıdıcılıq imkanına malik silah yarada bilərdilərmi?

– Bu mümkün deyil. Müdafiə xərcləri 430 milyon ABŞ dolları olan bir ölkə qeyri-adi, ağıla gəlməyən və heç kimin bilmədiyi hansı silah növü yarada bilər?! Belə bir açıqlama vermək yalnız əqli cəhətdən çatışmamazlığı olan və ya populist şəxsin ağlına gələ bilər. Bu müsahibəni oxuduqdan sonra birmənalı olaraq demək olar ki, Tadevosyan ağlını itirmiş “istismar” müddəti bitmiş “general”dır. Əgər belə olmasaydı bu cür nağıl danışmazdı.

– Bir də həmin məsələnin üstünə qayıtmaq istərdim. Bildiyimiz kimi Ermənistanda Atom Elektrik Stansiyası (AES) fəaliyyət göstərir. Buradakı radioaktiv tullantılardan hansısa silah yaradılması mümkündürmü?

– Bu mümkün olsa belə, Ermənistanın belə imkanı yoxdur. Birincisi, Ermənistanda heç Sovet zamanında bu tip sektorda fəaliyyət göstərən texnoloji müəssisə olmayıb. İkincisi, dünya orduları bu naliyyəti əldə etmək üçün 10 illərlə elmi-tədqiqat işləri aparır. Bu işlərə isə milyard dollarlarla vəsait xərclənir. Ermənistanın isə bu işi görə biləcək nə pulu, nə də elmi-tədqiqat imkanları yoxdur. Tadevosyanın timsalında ermənilər bu kimi açıqlamalarla mif yaratmaq niyyətindədirlər. Erməni ordusu miflərlə silahlanır. Belə görünür ki, ermənilər 1990-cı illərin əvvəllərindəki “populzm texnologiyası”ndan uzaqlaşa bilmirlər. Yəni bu deyilənlər nağıldan başqa bir şey deyil.

– Məlum müsahibədə Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığına da toxunulub…

 – Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın səviyyəsi genişləndikcə, təlimlərin sayı artıqca bu onlarda qıcıq yaradır. Mən deyərdim ki, bu qıcıq narahatlıqdan doğur. Çünki Türkiyənin hərbi imkanlarına bələd olan ermənilər, Azərbaycan Ordusunun bu əməkdaşlıqdan səmərəli bəhrələndiyini yaxşı anlayır. Ermənilər isə göründüyü kimi yaratdıqları miflərlə öyünürlər. Bəs, ön xətdəki itkiləri nə ilə sığortalayacaqlar…Ermənistan Ordusunda baş verən cinayətlərin sayı-hesabı yoxdur. Artıq cəmiyyət, əsgər valideyinləri bu faktları bütün dünya mediasına söyləyirlər. Bəli, məhz belə cinayətləri gizlətmək üçün “istismar” müddəti bitmiş şəxslərə tribuna verirlər ki, cəmiyyəti bir qədər də aldada bilsinlər. Cəbhədə təxribatların nəticə vermədiyini görüb, bu tipli dezinformasiyalara əl atırlar və mifoloji silahdan danışırlar. Açığı, bu sahədə ermənilər çox “usta”dırlar. Maraq üçün bir faktı diqqətinizə çatdırım. Mənim komandir olduğum dövrlərdə də, indi də postlarda duran yüzlərlə erməni, bizim əsgərlərə “Ölkə rəhbərliyinizə deyin müharibəni qutarın, bizi də xilas edin” kimi xahişlər ediblər və bu hallar indidə təkrarlanır. Ağıllı ermənilər çoxdan ölkədən qaçıblar. Zor və məcburiyyət olmasa bu gün heç bir erməni nə Ermənistanda, nə də işğal olunmuş Qarabağ ərzisində yaşamaz. Buradan müraciət edirəm, inanmırsınızsa, qoy onlar öz sərhədlərini açsınlar. Onda görün nə qədər erməni Qarabağda və Ermənistanda qalacaq?! Ermənilər bilsinlər ki, bizim hər şeydən xəbərimiz var.

arkadiy_ter_tadevosyan