19/04/2016 17:11

General-leytenant Yaşar Aydəmirovdan 4 günlük müharibənin ANALİZİ

“Dördgünlük müharibədə Azərbaycan Ordusu döyüşləri öz ehtiyatlarından istifadə etmədən apardı”

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “AzeriDefence”yə müsahibə verib. O müsahibəsində Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük müharibə ilə bağlı fikir və mülahizələrini bölüşüb.

– Cənab general-leytenant, Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük müharibəni necə analiz edirsiniz? Bu döyüşlər nədən başladı və hansı nailiyyətlər əldə olundu?

– Uzun müddət idi ki, Ermənistan tərəfi ön xəttdə atəşkəsi pozmaqda davam edir və son zamanlar bu proses aktivləşmişdi. Əvvəllər gün ərzində 20-30 dəfə atəşkəs pozulurdusa, son aylarda bu rəqəm 70-80, son günlərdə isə 140-150 hadisəyə çatırdı. Bütün bunlarla Azərbaycan əsgərinə mənəvi, pisxoloji və hərbi cəhətdən təsir etməyin mümkün olmadığını görəndən sonra, başladılar kəşfiyyat qurupları göndərməyə. Müxtəlif variantlara əl atsalar da Azərbaycan müdafiə sistemlərinin arasndan keçə bilməyib, üstəlik böyük zərbələrə və itkilərə məruz qaldılar. Dağ şəraitində, daha sonra dövlət sərhədinin Qazax rayonu istiqamətində kəşfiyyatla məqsədlərinə nail ola bilmədilər. Ermənistanın bütün adımlarında müharibəyə başlamaq istəyi açıq-aşkar görünürdü. Azərbaycanın komandanlığı da sözsüz ki, buna kəskin şəkildə cavablar verilməli idi. Azərbaycan Ordusu ön xətdə yerləşən birləşmələrə əks həmlələr edərək bir neçə strateji əhəmiyyətli yüksəkliyi və yaşayış məntəqələrini düşməndən azad etdi. Onu deyim ki, 4 günlük müharibədə Azərbaycanın məqsədi bunlar olub:

. Ermənistan Silahlı Qüvvələrinin hucumlarına kəskin əks cavab vermək,

. ön xəttin quruluşunda öz xeyrimizə düzəliş etmək,

. bəzi yüksəklikləri düşməndən təmizləyərək, erməni qoşunlarının yerləşdiyi məntəqələr üzərində nəzarəti ələ keçirmək və onlar üçün dözülməz təhlükəli vəziyyət yaratmaq.

– Yaşar müəllim, Müdafiə Nazirliyi bildirir ki, ermənilərin öncədən quruplaşmaları müşahidə olunub, onlara qarşı preventiv tədbirlər gerşəkləşdirilib.

– Sözsüz ki, hadisələr baş verməmişdən əvvəl ermənilərin ehtiyyatları, ikinci eşalonda duran bölmələri, birlikləri bizim kəşfiyyatımız tərəfindən aşkar olunub. Onların dislokasiyaları bəlli idi. Dişmənin cəmləşdiyi rayonlarınların çıxışları, ön xətdə duran bölmələr, birlikləri bizim kəşfiyyat xidmətləri tərəfindən müşahidə olunaraq müəyyən tədbirlər görüldü. Bir məsələni də qeyd edim ki, Azərbaycan Ordusu xırda bölmələrlə əks həmlələr gerçəkləşdirib. Artilleriyanın bəzi sistemləri istifadə olunub. Müdafiə Nazirliyinin iri çarplı reaktiv yaylım sistemlərindən isə ümumiyyətlə istifadə olunmayıb. Onlar ön xəttə çağrılmayıb. Bu gün cəbhə bölgəsində kifayət qədər artileriya vəsaitlərimiz var. Ermənilər özləri də gözləmədən zərbələr aldılar. Döyüş əməliyyatlarının ilk saatlarına yerli ermənilərin işğalı altında olan yaşayış məntəqələrimizdən Ermənistan ərazisinə köç etmələri də özünü göstərdi.

– Cənab general-leytenant, döyüşlərin başlandığı ilk gündən Ermənistanın veteranları döyüş xəttinə yönəldi. Səfərbərlik məntəqələrində cavanlardan çox yaşlı veteranların görsənməsin necə izah edərsiniz?

– Ermənistanda səfərbərlik ehtiyatlarında gənclər həddindən artıq azdır. Əsgər çatışmadığı üçün ön xətdə duranlar demək olar ki keçmiş döyüşçülərdir. Dağlıq Qarabağda olan hərbi hissələr tam  komplekləşdirilməyib. Hərbi hissələrlə çağrışçıların sayı arasında böyük fərq mövcuddur. Ona görə də  səfərbərlik ehtiyatında nə varsa, əli silah tutanları 70 yaşa qədər toplamağa məcburdular. Bir məsələni də qeyd etmək istəyirəm. Ermənilərin döyüşlər bir neçə gün davam edərsə qocalarını ön xəttə çıxaracaqları gözlənildiyi halda bu yarım gün çəkmədi.

Ermənilərdən fərqli olaraq, biz ön xətdəki birləşmələrinin az bir hissəsindən istifadə etdik. Ehtiyyatlardan isə ümumiyyətlə istifadə olunmadı. Hətta əməliyyatlar bir ay davam etsəydi belə Azərbaycanın səfərbərlik elan etməyə ehtiyacı olmazdı.

– Düşməndən geri alınan Lələtəpə və Talış istiqamətindəki yüksəkliklərin əhəmiyyətin necə dəyərləndirirsiniz?

– Cəbrayil rayonunun Cocuq Mərcanlı kəndinin üstündə yerləşən Lələtəpə yüksəkliyindən Araz çayı boyunca Füzuli rayonunun bütün kəndlərini müxtəlif cihazlarla nəzarətdə saxlamaq mümkündür. Həm də atəşlə bizim nəzarətimizdə olan yaşayış məntəqələrini vura bilərdilər. Talış kəndinin ətrafındakı yüksəkliklərdən isə Tapqaraqoyunlu kəndini və digər yaşayış məntəqələrimizi daim atəş altında saxlayırdılar.

– Sizcə ermənilərin öz itkiləri barədə açıqladıqları rəqəmlər nə qədər reallığa uyğundur?

– Erməni ordusunun itkiləri 300-dən çoxdur. Ortalıqda olan budur ki, onlar həqiqəti gizlədirlər. Cəsədləri hansı morqda saxladıqların özləri daha yaxşı bilir. Az-az, bir-bir, iki-iki ortaya çıxarıb televiziyada göstərəcəklər. Əgər, mitinqlər güclənərsə yenə dayanacaqlar. Son hiylələri isə həlak olan əsgərlərinin itkin düşdüyünü, fərarilik etdiklərini bəhanə etmək olacaq.

Aydemirov

– Cənab general, bu əməliyyatlarda Azərbaycanın əldə etdiyi yeni texnologiyalar da tədbiq olunub. Pilotsuz ucuş aparatları ilə artilleriyanın əlaqəsi açıq müşahidə olunurdu. Yeni tank əleyhinə komplekslər, hava vasitələri… Bu yeniliklər barədə nələri söyləyə bilərsiniz?

Yenə deyirəm, 4 günlük döyüşlərdə Azərbaycanın yeni aldığı böyük efektli silahlarından istifadə olunmayıb. Ön xətdəki bölmələrimiz ən müasir, modernizə olunmuş silahlarla təchiz ediliblər. Əvvəllər bizdə olunan T-55 tankları, digər köhnə döyüş vasitələri yeniləri ilə əvəz olnub. PUA-lardan geniş istifadə edildi. Ermənistan Ordusundan ələ keçirdiyimiz qənimətlərə baxanda onların durumunu təsəvvür eləmək çətin olmur.

– Yaşar müəllim, “Ohanyan müdafiə xətti”nin sonu nə oldu?

– Ermənistanın müdafiə naziri Seyran Ohanyanın 20 ildən artıq dövürdə qurduğu “Ohanyan xətti” Azərbaycan Ordusunun ön xətt birləşmələrinin müəyyən ehtiyat vasitəsiylə çox tez bir müddətdə yarıldı. Heç ikinci eşalondan, birliklərin ehtiyyatlarından da istifadə olunmadı. Müdafiə xəttini yarmaq üçün lazım olunacaq reaktiv sistemlərdən, toplardan, mühəndis istehkam qurğularından cüzi şəkildə istifadə edildi və nəticə göz önündədir. Buna dünyada adı çıxmış ən az ömürlü müdafiə xətti də demək olmaz. Utancverici, biabırçı bir müdafiə xətti oldu.

– Məlumata görə Azərbaycan ordusu Ermənistanın 2-ci eşalonun da dağıdıb.

– Mən bu barədə danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Azərbaycan Ordusu Ali Baş Komandana tabe olub, əməliyyatları dayandırıb. Yoxsa ordu durmayacaqdı.

– Cənab general, sizcə, ötən tarixlərdə olduğu kimi bu dəfə də ermənilər atəşkəsdən öz məqsədləri üçün istifadə etməyə çalışmayacaqlar? Yeni provokasiyalar törətmələri gözlənilmir?

– Ağılsız hərəkətlər onlarda çox olub. Ermənilər indi yaxşı bilirlər ki, haradasa əks həmlələr etsələr bu onları fəlakətə gətirib çıxaracaq. Azərbaycanın qarşısını o zaman heç bir beynəlxalq təşkilat ala bilməyəcək.

– Uzun müddət idi ki, atəşkəs davam edirdi. Bəzi düşüncələr vardı ki, insanlar artıq soyublar, müharibə istəmirlər. Amma dördgünlük müharibədə bunun əksini müşahidə etdik.

– Bu fikirlə qəti razı deyiləm. Döyüş ruhu yatmayıb və heç zaman öləsi deyil. O ruh müəyyən bir tərbiyyə əsasında sakitləşib. Bizim ermənilərdən fərqləndiyimiz ən gözəl cəhətlərdən biri də odur ki, biz qısa anda döyüşə köklənə və hərəkətə keçə bilərik. Bir çıxış, hərəkət bəs edir. Bunun əyani şahidi olduq. Hamı ön xəttə gedib döyüşmək istəyirdi. Bu insanların hamısını silah altına alsaydıq, o zaman Ermənistanın bir dövlət, ermənilərin bir millət olaraq tarixin arxivinə göndəriləcəyi şübhəsiz idi. Ermənilər özləri də bunu gördülər.

⇒ Zaur Babaşov