07/01/2019 11:51

General-mayor Fizuli SALAHOV: Heydər Əliyev adına AAHM-in məzunları dünyanın 32 ölkəsində xidmət edir

Səksən illik tarixə malik Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Azərbaycan Ordusunun milli zabit kadrlarla komplektləşdirilməsində mühüm rol oynamaqla yanaşı, Sovetlər Birliyi və müstəqillik dönəmində bir çox dövlətlər üçün zabitlər hazırlayıb. Məktəbin məzunları bu gün dünyanın müxtəlif dövlətlərinin Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunurlar. Məktəbin rəisi general-mayor Fizuli Salahov AZERİ DEFENCE jurnalına müsahibəsində Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbinin bu günkü fəaliyyət istiqaməti, hərbi təhsil və təlim sahəsində görülən işlər barədə danışıb.

Cənab general-mayor, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gələn il yaranmasının 80 ili tamam olur. Müsahibəmizə Məktəbin tarixinə, dünəndən bu günə keçdiyi yola nəzər salmaqla başlamaq istərdik

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaranma tarixi 1939-cu ilə təsadüf edir. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlanan bu təhsil müəssisəsində uzun illər SSRİ Silahlı Qüvvələri üçün zabit kadrları hazırlanıb. Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra respublikanın tabeçiliyinə keçən təhsil müəssisəsi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adı altında fəaliyyət göstərib və həmin dövrdən Azərbaycanın milli hərbi kadrlarının hazırlıqlarına başlanılıb. Mərhələ-mərhələ 1995, 1996, 1997, 1998-ci illər ərzində hər il bir tabor olmaqla 4 tabor kursant qəbul edilib. 1997-ci ildən etibarən məktəbə qəbul və tədris müasir standartlara uyğun həyata keçirilməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2001-ci il tarixli fərmanına əsasən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin adı dəyişdirilərək Azərbaycan Ali Hərbi Məktəbi adlandırılıb. Azərbaycan Respublikası Prezidentin 10 mart 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli liderimiz Heydər Əliyevin adı verilib.

Hərbi təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində, dövlət başçısının 24 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adıma Azərbaycan Ali Hərbi Məktəbinin tərkibinə verilib.

İllər keçdikcə baş verən dəyişikliklər və yeniliklər sözsüz ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə də öz təsirini göstərir. Son 5 il ərzində məktəbdə həddən artıq köklü dəyişikliklər baş verib.

Bir zamanlar məktəbdə təlim-tədris prosesi keçmiş sovetlər dönəminin tədrisi üzərində qurulmuşdu və zabit kadrlar köhnə proqramlar əsasında hazırlanırdı. Bu gün biz öz milli tədris proqramımızı hazırlamışıq və bu proqrama uyğun olaraq tədris prosesi müasir dövrün tələblərinə uyğun səviyyəyə gətirilmişdir. Gələcək zabitlərimizi necə görmək istəyimizi, hansı tələblərə cavab verməli olduğunu, kadr hazırlığına qoyulan tələbləri və bu kimi digər məsələləri araşdıraraq, yeni tədris proqramı tərtib etmişik. İndi bütün tədris prosesi yeni proqram üzərində qurulub və düşünürəm ki, zaman-zaman bu proqram daha da təkmilləşdiriləcək.

Hazırda AAHM-də neçə ixtisas üzrə kadrlar hazırlanır?

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Digər dövlətlərin hərbi təhsil müəssisələri ilə müqayisə etsək görərik ki, bir ali məktəbin daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəblərin fəaliyyəti cəmləşdirilib. Bir vaxtlar Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının müvafiq hərbi ixtisaslar üzrə müxtəlif məktəblər fəaliyyət göstərirdi. Hazırda bu ixtisaslar bir məktəb daxilində cəmləşib.

Sözsüz ki, təlim və tədris prosesi çox geniş, gərgin və mürəkkəb prosesdir. Buna baxmayaraq, ildən ilə təcrübə qazanaraq biz tədris prosesini istədiyimiz səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi kadrlar barədə Silahlı Qüvvələrimizdə, qoşun növləri komandanları, birlik komandirləri tərəfindən çox müsbət rəylər alırıq.

Ən əsası odur ki, Azərbaycan Ali Hərbi Məktəbnin məzunu olan zabitlərin bilik, bacarıq, peşəkarlıq səviyyəsinə, idarəetmə və liderlik xüsusiyyətinə, şəxsi heyəti öz arxasınca aparmaq qabiliyyətinə malikdir. Bu kimi hallar bizi çox sevindirir, amma əldə etdiyimiz nailiyyət bizi tam qane etmir. Çalışırıq hər il yeniliklər tətbiq edərək, fəaliyyətimizi daha da təkmilləşdirərək, digər güclü dövlətlərin ordularından geri qalmayaq.

Cənab general-mayor, əvvəlki illərdə hərbi məktəbə qəbul imtahanlarında keçid ballarının azalması halları var idi. Bu gün vəziyyət necədir?

Düz qeyd etdiniz. Bir vaxtlar qəbul balının az olması, yəqinki zamanın tələbi, mövcud şəraitlə əlaqədar olub. Bu gün AAHM-ə istər hərbi liseylərdən, istərsə də mülki məktəblərdən sənəd verən gənclərin qəbul imtahanlarında topladığı minimum bal 250 olmalıdır. Bu əslində yaxşı göstəricidir. Bu il Azərbaycan Ali Hərbi Məktəbə 600-dan yuxarı bal toplayan abituriyentlər qəbul olub. Son illərdə isə yüksək balla qəbul olan gənclərimizin sayı xeyli artıb.

Hərbi liseylərdən qəbullarla yanaşı mülki məktəblərdən də gələnlər var. Mülki məktəblərdən AAHM-ə sənəd verənlərin sayında artım varmı? Hərbi məktəbə maraq necədir?

Qeyd etdiyim kimi sənəd verənlərin sayı ildən ilə çoxalır. Misal üçün bu il mülki məktəbləri bitirmiş 670 nəfər sənəd vermişdi, biz onlardan 132 nəfərini qəbul etdik. Burda əsas problem sağlamlıq məsələsidir. Bu il keçən illə müqayisədə sənəd verənlərin sağlamlıqla bağlı problemləri nisbətən az oldu. Sağlamlıq problemi olmayan, həkim komissiyasından keçən gənclərin sənədlərini hazırlayıb, Dövlət İmtahan Mərkəzinə göndəririk ki, imtahanlara buraxılsınlar.

Azərbaycan Ali Hərbi Məktəbində tədris prosesi necə qurulur?

Azərbaycanın bütün ali təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də tədris prosesi Boloniya sistemi üzrə aparılır. “Təhsil haqqında” qanun, Nazirlər Kabinetinin qərarları, Müdafiə nazirinin, Baş Qərargah rəisinin göstərişləri, sərəncamları, əmrləri əsasında tədris prosesi təşkil olunur. Bu əmrlərdə həm tədris, həm metodiki, həm elmi iş, həm tərbiyəvi iş, həm də fiziki hazırlıqla bağlı məsələlər öz əksini tapır. Xüsusi təyinatlı təhsil müəssisəsi olduğumuz üçün bəzi parametrlərə görə tədris fərqli təşkil edilir. Zamanında bütün imtahanlar test üsulu ilə keçirilirdi. Bu gün respublikamızın digər ali təhsil müəssisələrinin 90 faizində imtahanlar test üsulu ilə həyata keçirilir. Lakin biz test imtahanlarını ildən ilə azaltdıq. İndi əsasən klassik üsula keçmişik. Nə üçün? Test üsulu və hərbi təhsil bir-birinə uyğun gəlmir. Test əzbərçilik yaradır. Təsəvvür edin, kursant oxuyur, gəlib testdəki variantları işarələyir. Bundan sonra da imahandan çıxır. Ancaq zabit danışmağı, fikrini ifadə etməyi, komanda verməyi bacarmalıdır. Onlar gələcəkdə əmrlər, göstərişlər verəcəklər.

İndi kursant daha çox oxuyur. Danışıq nitqi inkişaf edir, komandirlik təcrübəsi artır. Hərbi təhsil sistemində etdiyimiz digər bir dəyişiklik barədə də məlumat vermək istəyirəm. Əvvəllər ali hərbi məktəbdə 5 illik tədris prosesi təşkil edilmişdir. Tədris 4 il ərzində məktəb daxilində idi, 5-ci il məzunlarımız leytenant rütbəsi aldıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilirdi. Orada bir il ərzində hər biri öz ixtisasına uyğun praktik məşğələləri keçirdi. 2014-cü ildə bu məktəbə rəis təyin olunduğumdan sonra, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri əsasında 4 illik tədris sisteminə keçdik. Təlim və Tədris Mərkəzində keçirilən kursun fənlərini 4 illik təhsil proqramına daxil etdik. Digər mühüm bir yeniliyimiz isə səhra çıxışlarını, çöl məşğələlərini tətbiq etməyimiz oldu. İndi kursantlar bütün kurslarda iki smestr ərzində ən azı beş həftə səhra çıxışlarında olurlar.

Səhra çıxışlarının artırılması hansı effektləri verib?

Auditoriya dərsləri sonda praktiki məşğələyə bağlanır. Yəni, bilik və bacarıqlar artıq səhra çıxışlarında praktiki olaraq icra edilir. Poliqonda kursantların hər biri öz ixtisasına uyğun olaraq praktiki məşqlər keçir. Poliqonda kursantlara əməliyyat, döyüş şəraiti yaradırıq. Real silah və texnikalardan istifadə etməklə məşqləri keçirlər. Bununla da gələcəyin zabitləri qərar vermə, şəraitə uyğun hərəkət etmə, dinləmə və s. kimi öz bacarıqlarını ortaya qoyur, təkmilləşirlər. Dörd illik tədrisin sonunda Dövlət Attestasiya Komissiyası tərəfindən yekun imtahanları keçirilir, müvəffəqiyyət qazandıqdan sonra məzunlara ilkin zabit rütbəsi, bakalavr dərəcəli diplom, hərbi uçot ixtisası üzrə sertifikat, məharət dərəcəsi verilərək orduya xidmətə göndərilir.

Cənab general-mayor, hərb sahəsi elədir ki, dünyada baş verən proseslər, yeniliklər özünü ən çox bu sahədə göstərir. Yeni ehtiyaclar meydana çıxır, yeni istiqamətlər üzrə kadrlara ehtiyac yaranır. Məktəbdə yeni ixtisasların açılması planlarınızda varmı?

Qoşun növləri komandanlarının öz tələbləri var. AAHM-də o tələblərə uyğun zabitlər hazırlayır. Bunun üçün məktəbimizdə maddi-texniki baza mövcuddur. Sözsüz ki, il ərzində mövcud olan proqramları incəliyirik. Harada ki, proqram daxilində mövzuları dəyişmək lazımdır, harada mövzunu azaldıb və ya hansı mövzuyasa daha çox vaxt ayırmaq lazım olanları müəyyənləşdiririk. Digər tərəfdən, ordumuza ən müasir yeni texnika, silahlar alınır. Alınan və orduya verilən istənilən hər bir silah, texnika, pilotsuz uçuş aparatları və s. nə yenilik varsa, onların bir nüsxəsi ilk növbədə AAHM-ə gətirilir. Məktəbdə oxuyan kursantlara yeni qəbul olunmuş bütün silah, texnika və digər avadanlıqlar üzrə məşğələlər yüksək keyfiyyətlə icra edilir.

Dünyada əsas diqqət yetirilən sahələrdən biri də elektronlaşdırılmış tədris siniflərinin yaradılmasıdır. Ali Hərbi Məktəbdə bununla bağlı hansı işlər görülüb? Bu sahədə hansı imkanlarınız var?

Ali Hərbi Məktəbin geniş və zəngin simulyator bazası, interaktiv lövhəli sinifləri var ki, bunlarda ildən ilə təkmilləşdirilir, yenilənir. Simulyator zallarımızda zirehli texnikaların sürülməsi, atışların həyata keçirilməsi, artilleriya, aviasiya vasitələri, döyüş əməliyyatların idarəedilməsinin kompüter sinifləri və s. mövcuddur. 

Hərbi texnikaların və silah sistemlərinin mənimsənilməsi üçün “Konkurs” və “Faqot” tank əleyhinə raketlərin, T-72 tanklarının, PDM-2 və PDM-3 piyada döyüş maşınlarının, müxtəlif özüyeriyən haubitsalarm sürücülük və atış simulyatorları, motoatıcılar üçün “Gilavar”, “Koza” atış simulyatorlarından da tədris prosesində mütəmadi istifadə edilir. Başqa sözlə, ordumuzda olan bütün texnikaların simulyatorları var. Kursantlarımız təlim mərkəzlərinə çıxana qədər, bu simulyatorlarda məşqlər keçirlər. Məşqlər zamanı istənilən ərazi, iqlim, hava şəraiti, digər faktorlar tətbiq edilə bilər. Səhra çıxışında kursantlara 15 faiz yük qalır ki, bu da real döyüş texnikasını və silahı idarə eləməkdir. Simulyatorlar vasitəsi ilə həm də texnikanı qoruya bilirik. Texnikanın motoresursuna, yanacağa, mərmiyə və s. qənaət olunur.

Rabitə ixtisası üzrə təhsil alan kursantlarla ordumuzda mövcud olan rabitə vasitələrinin hamısı barədə dərs keçirilir. Rabitəçilər məktəbin ərazisində prakiki olaraq rabitə əlaqəsinin qurulması, radiomübadilənin aparılması, məxfi əlaqənin yaradılması və s. məşğələlər təşkil edilib keçirilir.

Simulyatordan əlavə maddi hissəni öyrənmək üçün zirehli texnikaların özlərindən də istifadə edirik. Bunun üçün məktəbə müvafiq texnikalar – T- 72 və T-90S tankları, PDM-2, PDM-3 piyadanın döyüş maşınları, 2S1 artilleriya vasitələri, yaylım atəşli reaktiv sistemlər, BTR-82A zirehli transportyoru və digər döyüş texnikaları verilib.

Yeri gəlmişkən, məktəbin beynəlxalq əlaqələri barədə danışaq. SSRİ dönəmində məktəbdə dünyanın müxtəlif dövlətlərindən hərbi qulluqçular təhsil alıblar. Bu gün yenə xarici dövlətlərdən kursantlarınız varmı? 

Hazırda ən sıx əlaqələrimiz Türkiyə Respublikasının hərbi məktəbləri ilədir. Bundan başqa, müəyyən ixtisaslar üzrə Rusiya hərbi məktəblərinə də kursantlar göndərilir. Eləcə də Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir. Əsasən Türkiyə məktəblərinə daha çox kursant göndəririk. ABŞ-la danışıqlar aparmışıq və növbəti illərdə ABŞ hərbi məktəblərinə oxumaq üçün kursantlar göndərəcəyik.

Türkiyənin hərbi təhsil müəssisələrinə ən çox quru qoşunları  ixtisasları üzrə kursant göndəririk. Az sayda dənizçilər və hərbi hava qüvvələrinin kursantları da var. Bu ilin mart ayında Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Türkiyədə hərbi əməkdaşlıq haqqında memorandum imzaladılar. Memorandumda əksini tapan mühüm istiqamətlərdən biri də üç ölkənin hərbi təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı ilə bağlıdır. Aprel ayında Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Quru Qoşunları Akademiyasının və Gürcüstan Hərbi məktəbinin rəislərinin iştirakı ilə Bakıda birinci görüş keçirildi. Həmin görüşdə məktəblər arasında qarşılıqlı əlaqə, təcrübə mübadiləsi, kursantların bir məktəbdən digərinə səfəri, təhsili, tanışlıq səfərləri və s. əhatə edən sənəd imzaladıq. Bu görüşün məntiqi davamı olaraq Türkiyə Quru Qoşunları və Gürcüstan Hərbi məktəblərinin 60 nəfərədək kursant və zabit heyəti Azərbaycana gəlmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qonaq olmuşlar. Bir həftə müddətində məktəbimizdə kursantlar arasında üçtərəfli idman yarışları keçirilmiş, maddi-texniki baza və tədris prosesi ilə tanış olmuşlar. Həmçinin Bakı şəhərinin tarixi və görməli yerlərini gəzmişlər.

Keçirilmiş görüşlərin davamı olaraq, təhsil müəssisələri rəhbərlərinin növbəti görüşü 2019-cu ildə Türkiyədə, eyni zamanda kursantların iştirakı ilə yarışlar isə Gürcüstanda keçiriləcək.

Təşkil olunan bu cür görüşlər münasibətlərimizin daha da yaxınlaşmasına imkan verəcək. Təkcə məktəblərarası idman yarışları deyil, hərbi yarışlar, professor-müəllim heyətinin təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlığımız davam edəcək.

Sualınızın ikinci hissəsinə cavab olaraq onu deyə bilərəm ki, bu gün məktəbimizdə xarici dövlətlərdən, xüsusilə Qırğızıstandan, Tacikistandan kursantlar təhsil alırlar.

Digər dövlətlərdən müraciət edənlər varmı?

Qazaxıstan və Özbəkistan müraciət etmişdi. Biz öz razılığımızı vermişik. Qazaxıstan hərbi dənizçilik fakültəsinə kursant göndərmək niyyətindədir.

Yeri gəlmişkən, bir mühüm məsələni vurğulamaq istəyirəm ki, Heydər Əliyev adına AAHM dünya səviyyəli hərbi məktəbdir. Vyetnamın hazırkı Dəniz Qüvvələri komandanından tutmuş, 20 il əvvəlki komandanlarınadək hamısı məhz bizim məktəbin məzunlarıdır. Bununla belə dünyanın bir çox dövlətlərinin Dəniz Qüvvələrinin komandanları bu məktəbin məzunu olublar.

Bu illər ərzində məktəbimizə vaxtilə təhsil almış müxtəlif ölkələrdən olan yüksək rütbəli hərbiçilər məzun kimi səfərlər edərək, buranı bir daha ziyarət etmişlər.  O cümlədən, Vyetnamdan 3 nümayəndə heyəti məktəbimizə səfər etmişdir. Keçən il hətta medal və məktub da göndərmişlər. Bu yaxınlarda Almaniyadan 20 nəfərlik bir heyət, ötən ay isə Cənubi Afrika Respublikasının Dəniz Qüvvələri komandanı məktəbimizi ziyarət etmişdir. Bir daha qeyd etmək istəyirəm ki, sadaladığım şəxslərin hamısı AAHM-in məzunları olublar.

Qoşun qismləri komandanlarının, birlik və hərbi hissələrin rəhbərliklərinin AAHM bitirmiş gənc zabitlərlə, praktikaya göndərilən kursantlarla bağlı fikirləri necədir?

Bu il məktəbimizin, eləcə də Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabitlərindən ibarət komissiya yaradaraq birliklərə ezam etdik. Məktəbi bitirib orduya xidmətə göndərilən zabitlər haqqında rəylər öyrənildi. Hərbi hissə və tabor komandirləri ilə görüş, söhbətlər aparılıb. Ümumən rəy yaxşıdı. Komandanlıq ildən ilə müsbət dəyişikliyin baş verdiyini hər zaman qeyd edir.

İşğal altında olan bölgələrdən bu məktəbə müraciət edənlərin say tərkibi necədir?

Tək işğal altındakı rayonlardan deyil, bütün bölgələrdən müraciət edirlər. Elə bir rayon yoxdur ki, ordan ən azı 1-2 kursant bizim məktəbin məzunu olmasın. İşğal altında olan bölgələrdən oxuyanların sayında artım var. Bu məktəbdə oxumaq tək istəklə deyil, fərdin sağlamlığı da önəmlidir. Ona görə qeyd etdiyim kimi, müraciət edənlərin 15-30 faizi sağlamlıqla əlaqədar məktəbə qəbul ola bilmirlər. Müraciət edənlərin hamısı sağlam olsa, rəqabət də çox olar.

Cənab general-mayor, sonda əlavə etmək istədiyiniz fikirlər varmı?

Biz Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm prezident İlham Əliyev cənabları tərəfindən qarşımıza qoyulan tapşırığı yerinə yetirməyə hər an hazırıq. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə qabaqcıl yerlərdə dayanır. Biz də bu ordunun savadlı, bacarıqlı, vətənpərvər zabitlərinin hazırlanmasında öz üzərimizə düşən vəzifələri yerinə yetirməkdən qürur duyur, bundan sonra da əzmlə çalışmağa davam edəcəyik. Yerimizdə dayanmır, hazırılaşırıq, özümüzü daha da təkmilləşdiririk, təcrübəmizi artırırıq. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi birinci məqsədimizdir və ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin zabit, müəllim, həm də kursantları buna hazırdır.