13/11/2017 13:09

General-mayor Natiq Əliyev: Ordunun tibb təminatının gücləndirilməsi əsas prioritetimizdir – MÜSAHİBƏ

Mobil hospitallar, sanitar helikopterlər, qatarlar, yeni zirehli sanitar maşınlar tibb təminatımıza əlavə imkanlar qazandıracaq

Son illər Azərbaycan Silahlı Qüvvələrində gedən modernləşmə prosesi hərbi səhiyyə sahəsində də özünü göstərməkdədir. Hərbi hospitallar yenidən qurulur, təmir edilir, tibb bölmələri müasir sanitar nəqliyyat vasitələri və avadanlıqlarla təmin edilir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq ƏLİYEV “Azeri Defence” jurnalına müsahibəsində hərbi səhiyyənin inkişafı, əldə olunan nailiyyətlər, gələcək planlardan danışıb.

AD: Cənab general-mayor, müsahibəmizə Silahlı Qüvvələrimizdə hərbi səhiyyənin mövcud vəziyyəti və bu xidmətin necə təşkili barədə fikirlərinizlə başlamaq istərdik. Silahlı Qüvvələrdə tibb təminatı necə qurulub?

Natiq ƏLİYEV: Tibbi təminat Silahlı Qüvvələrin əsas təminat növlərindən biridir. Bu təminat cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən təsdiq olunmuş Əsasnaməyə, Müdafiə nazirinin bu sahədəki müvafiq əmr və sərəncamlarına uyğun qurulub.

Müdafiə Nazirliyində tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiq üsulları, bütövlükdə, hərbi təbabətin inkişafını müəyyən edən əsas qanunauyğunlara tabedir. Bu baxımdan, hazırkı tarixi mərhələdə cəmiyyətin ictimai-siyasi təşkilatlanması, ölkədə iqtisadiyyatın inkişafı, hərbi işin vəziyyəti, Silahlı Qüvvələrin dinc dövrdəki hazırlığı və müharibə dövründəki fəaliyyəti, tibb elminin və səhiyyə sisteminin inkişaf səviyyəsi əhəmiyyətli rol oynayır. Tibb xidmətinin təşkilat quruluşu və ayrılıqda konkret tibbi qurumun ştatı Müdafiə Nazirliyinin müəyyən etdiyi ümumi qanunauyğunluqdan başqa, həm də tibbi təminatın xüsusiyyətindən və həmin quruma verilmiş  tapşırıqdan asılıdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tibb xidmətinə metodik rəhbərliyi, tibbi əmlakla təchizatı, kadrların seçilməsi və yerləşdirilməsini, elmi-tədqiqat və müalicə-profilaktika fəaliyyətini koordinasiya və təşkil edən əsas rəhbəredici inzibati orqan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsidir. Tibb Baş İdarəsinin rəisi tibb xidmətinin tabeliyində olan və eləcə də, xüsusi qüvvə və vasitələrinə rəhbərlik edir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi ona tabe olan tibbi hərbi hissə, müəssisələr və bölmələrin vasitəsi ilə Müdafiə Nazirliyində tibbi təminatı həyata keçirir. İstifadə olunan bu sistem tibb xidməti fəaliyyətinin idarə (koordinasiya) olunmasını və tibbi təminatın təşkili üzrə qərarlar qəbul edilməsini, sülh və müharibə dövründə hərbi qulluqçuların həyatının və sağlamlığının qorunması üçün tədbirlər keçirilməsini təmin edir.

Tibb xidmətinin vəzifəsi yalnız yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdir.

Ulu öndər Heydər Əliyevin bir kəlamı var: “Hər hansı bir hadisənin qarşısını vaxtında almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Bu bizim əsas məqsəd və məramımızdır. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən də məhz qarşımıza qoyulan məqsəd budur. İlk öncə xəstəliklərin yaranmasının qarşısını almaq, profilaktik tədbirlər görmək, əgər xəstələnmə halları olarsa, hərbi qulluqçulara vaxtında tibbi yardım göstərilməsi, onların müalicəsi, təxliyəsi və tez bir zamanda reabilitasiyasına nail olmaq.

Azərbaycan Silahlı Qüvvələrində və ümumiyyətlə dünya hərbi tibb sahəsində standartlar var. Biz də o standartlarla fəaliyyət göstəririk. Bu bizim orduda da, həmçinin NATO ordularında da, keçmiş Sovet Ordusunda belə olub. Biz onların ən mütərəqqilərini öz fəaliyyətimizdə istifadə edirik. Fəaliyyətimiz Azərbaycan Respublikası Qanunları çərçivəsində göstərilir.

2013-cü ilin sonlarından başlayaraq Silahlı Qüvvələr qarşısında qoyulan yeni tələblərə müvafiq olaraq tibb xidməti də şəxsi heyət arasında xəstələnmə səviyyəsinin azaldılması ilə bağlı bir çox qabaqlayıcı tədbirlərin həyata keçirilməsini planlaşdırdıq və müsbət nəticələrə nail olduq.

Məsələn, keçən 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə Orduda xəstələrin, o cümlədən yoluxucu xəstələrin sayı kəskin şəkildə azalıb. Sual oluna bilər: nəyin nəticəsində? Şəxsi heyət arasında rast gəlinən xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün apardığımız sistemli və preventiv tədbirlərin nəticəsində.

Uğurlarımız çoxdur. Tibb xidməti Silahlı Qüvvələrdə böyük irəliləyişlər əldə edib. Maddi-texniki təminat baxımından böyük uğurlarımız var. Tək bu il cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı bizim bir neçə hərbi hissənin, hərbi tibb müəssisəsinin açılış mərasimində iştirak edib. Bakı qarnizonu ərazisində böyük bir poliklinikanın, bir neçə hərbi hissədə, o cümlədən cəbhəboyu zonada tibb məntəqələrimizin açılışını edib.

Bununla yanaşı, cənab Prezidentimiz cəbhə bölgəsində mobil səhra hospitalının açılışında da iştirak etdi və bu hospitalın keyfiyyətini çox yüksək dəyərləndirdi. Qeyd edim ki, mobil səhra hospitalının ilk təqdimatı 2013-cü ildə olmuşdu. Ancaq bu dəfə mürəkkəb cərrahi əməliyyatlar və digər işləri yerinə yetirən və artıq fəaliyyətə başlamış hospitalı biz cənab Prezidentə təqdim etdik. Onu da bildirim ki, bütün istiqamətlərimizdə bizim mobil səhra hospitallarımız var. Silahlı Qüvvələrimizdə ən mütərəqqi, ən müasir tibbi texnologiyalarla təmin olunmuş hospitallar fəaliyyət göstərir.

Hərbi qulluqçuların sağlamlığının keşiyində duran, təcrübəli kadrlarımız, hərbçilərimiz, hərbi həkimlərimiz var. Və təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşlərində tibb xidməti ən yaxı cəhətdən özünü göstərdi. Həkimlərimiz demək olar ki, qəhrəmanlıq nümayiş etdirdilər. Həkim personalımız yaralı vəziyyətdə olan hərbi qulluqçuya çatdısa, əgər həmin yaralı yerində şəhid olmamışdısa heç biri həlak olmadı. Həmin yaralılara  dərhal tibbi yardım göstərildi, lazımi tədbirlər görüldü. Böyük bir göstərici oldu. Biz həm Əfqanıstan döyüşlərinin, həm Çeçenistan münaqişəsinin statistikasına baxıb analiz etdik. Aprel döyüşlərindəki göstəricilərimiz hamısından üstün oldu. Bu üstünlüyümüzün də əsas səbəbi, vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi ilə bağlı idi. Yaralanmış hərbi qulluqçuların toplanması və oradan zirehli sanitar avtomobillərlə təxliyə olunması, hətta yolda belə tibbi müdaxilələrin edilməsi, yaralı bir nəfərin belə həlak olmaması ilə nəticələndi. Nəticələrimizə görə, dövlət başçımız tərəfindən mükafatlandırılanlar arasında ən çox tibb işçiləri oldu. Biz öz fəaliyyətimizi, vətən borcumuz üçün vəzifələrimizi yerinə yetirdik. Birinci vitse-prezident, hörmətli Mehriban Əliyeva da qazilərlə görüşəndə, yenə hərbi həkimlərin, cəbhədəki fəaliyyətindən danışaraq, onların işini xüsusi qiymətləndirdi.

AD: Cənab general, 2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə yaralanmış hərbi qulluqçulardan hospitallarda qalanlar varmı? Yaralıların reabilitasiyası prosesi başa çatdımı?

Natiq ƏLİYEV: Yaralıların hamısının hospital müalicəsi başa çatıb. Cənab Prezidentimizin tapşırığı ilə bu yaralılardan ehtiyacı olanların hamısı protezlə təmin olunublar. Protezləşmə məsələsi də artıq yekunlaşıb. Bir nəfər qazimiz reabilitasiya və bərpaedici müalicə üçün hazırda Türkiyə Respublikasındadır. 

AD: Cənab general, hospitalların, tibb məntəqələrinin yenilənməsi, müasir avadanlıqlarla təchizatı, yeni hospitalların inşası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verə bilərsinizmi?

Natiq ƏLİYEV: Qeyd etdiyim kimi, 2013-cü ilin sonlarından bu yana Müdafiə naziri tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlar, tibb xidmətindən də yan keçmədi. Bizim tibb müəssisələrimizin əksəriyyəti yenidən quruldu. Maddi-texniki təminat ən yüksək səviyyəyə çatdırıldı. Tibbi avadanlıqlarımız ən yeniləri ilə əvəzləndi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı üçün yeni binalar tikildi, yeni şöbələr açıldı.

Hərbi hissələrdə müasir tələblərə cavab verən onlarla tibb məntəqəsi tikilərək yeni avadanlıqlarla təchiz olunub. Bir sıra tibb müəssisələri əsaslı təmirdən sonra ən qabaqcıl tibbi avadanlıqlarla təchiz edilən yeni binalara köçürülüb. Gəncə və Naxçıvan (500 çarpayılıq) şəhərlərində, Ələt qəsəbəsində ən müasir tələblərə uyğun yeni hərbi hospitalların, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin tikintisi başa çatmaq üzrədir. Şəmkir hospitalının yeni binasının tikintisi planlaşdırılır. Artıq biz oranın tibbi avadanlıqlarının sifarişini vermişik. Birləşmə tibb məntəqələri, birlik səviyyəli poliklinika tikildi və artıq xəstələri qəbul edir. O cümlədən, Hərbi Dəniz Qüvvələrində müasir poliklinika inşa olundu. Onun da açılışında cənab Ali Baş Komandan şəxsən özü iştirak etdi. Bu proses davam edir. Bütün bu məsələlər hərbi qulluqçuların sağlamlığının qorunmasına birbaşa müsbət təsir göstərir.

Hazırda hospitallar tikilir, təmir edilir, yeni avadanlıqlar alınır. Dövlət hərbi qulluqçuların sağlamlığının qorunması üçün hər bir şey edir. Növbəti ildə cəbhə bölgəsində yerləşən daha 2 hospitalın təmiri planlaşdırılıb. Bundan əlavə, döyüş mövqeyində olan bütün hərbi hissə və bölmələr təcili tibbi yardım avtomobilləri ilə, diaqnostik tibbi cihaz və avadanlıqlarla, dərman preparatları ilə, fərdi tibbi vasitələrlə tam təmin olunub.

Mərkəzi Stomatoloji Poliklinika, Mərkəzi Hərbi Sanatoriya müasir qurğu və cihazlarla təchiz edilib. Tibb müəssisələrinin laboratoriya kabinetlərinin fəaliyyətini gücləndirmək üçün ilkin olaraq 6 ədəd biokimyəvi analizatorlar alınıb. Mərkəzi Klinik Hospitalda yeni şöbələrimiz açıldı. Ərazidə yerləşən mülki xəstəxanaların imkanları, kadr potensialı öyrənilib, onlarda göstəriləcək tibbi yardımın həcmi təyin edilib. Yaralanmış və xəstələnmiş hərbi qulluqçulara erkən ixtisaslı tibbi yardımın göstərilməsi üçün hər cür şərait yaradılıb. Ağır yaralı və xəstələrin birlik və qarnizon hospitallarından qısa müddətdə ən müasir tibbi cihazlarla təchiz edilmiş sanitar helikopter və yeni alınmış reanimobillərlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülməsi travmadan ölüm hallarının minimuma enməsinə səbəb olub. Mərkəzi Tibb Anbarında və yerlərdə müəyyən tibbi əmlak ehtiyatı yaradılıb, xəstə və yaralıların müayinə və müalicə işlərində fasiləsizlik təmin edilir. Qoşunların təmas xəttində tulyaremiyanın və taunun təbii ocaqlarında torpağın, suyun, havanın müayinəsini aparmaq üçün tibbi laboratoriyalar alınıb. Kifayət sayda dezinfeksiya-duş avtomobili hərbi hissələrə paylanıb.

AD: Yeri gəlmişkən, 2013-cü ildə Müdafiə Nazirliyi Türkiyədən mobil səhra hospitalı aldı. Bu hospital bildiyimiz qədər aprel döyüşlərində praktik istifadə olunub. Avqust ayında dövlət başçısı da Şəmkirdə həmin hospitalla tanış olub. Bu səhra hospitalının üstün xüsusiyyətləri və Silahlı Qüvvələrimizə qazandırdığı imkanlar barədə nələri söyləyə bilərsiniz?

Natiq ƏLİYEV: Bizim istifadəmizdə olan mobil səhra hospitalı dünyada istifadə olunan ən mükəmməl və ən müasir mobil hospitaldır. Türkiyənin “Turmaks” şirkəti tərəfindən istehsal olunub. Üstünlükləri çoxdur. Orada həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olar. Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür və edirik.

Bu hospitalın ən böyük üstünlüyü döyüş tapşırığını yerinə yetirmək üçün əraziyə çıxa bilməsi, qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilməsi, bir saat ərzində yaralını qəbul edə bilməsi, 4 saatdan sonra isə artıq mürəkkəb cərrahiyyə əməliyyatlarını orada aparmağın mümkün olmasıdır. Təsəvvür edin ki, bu həcmdə olan hospital cəmi 8 maşın üzərindədir. Bir saat ərzində hazır olur, ilk xəstələri qəbul edir və bu müddətdə digər çadırlar, əməliyyat otaqları açılır.

Səyyar hospitalın genişlənən konteyner formalı əməliyyat otağında eyni vaxtdan 4 cərrahiyyə əməliyyatı aparmaq olur. Özünün avtonom isitmə, işıq, su sistemləri mövcuddur. Yəni hospital istənilən şəraitsiz yerdə belə sərbəst fəaliyyət göstərə bilər. Səyyar hospitalın şəxsi heyəti də mobil kompleks barədə təlim keçib, öyrədilib ətraflı məlumatlandırılıblar. Çünki bu hospitallar döyüş əməliyyatı ilə yanaşı, fövqəladə vəziyyətlərdə də istifadə oluna bilər.

AD: Aprel döyüşlərində diqqət çəkən maraqlı yeniliklərdən biri də tibb xidmətinin zirehli sanitar maşınlardan istifadə etməsi oldu. Yaralıların döyüş meydanından çıxarılmasında bu maşınlar əsas rol oynayıb. Zirehli və zirehsiz yeni ambulans maşınların alınması və istifadəyə verilməsi barədə fikirləriniz nədir?

Natiq ƏLİYEV: Silahlı Qüvvələrin tibb təminatında təchizat prosesi davamlı şəkildə gedir. Maddi-texniki bazamız güclənir. Bu imkanlarımıza görə hətta Avropanın bir çox ordularını belə üstələyirik. Cənab Prezidentimizin, Silahlı Qüvvələrin Tibb xidmətinə xüsusi diqqəti var. İstənilən müraciət rəhbərlik tərəfindən həll olunur. Döyüş və xidməti tapşırıqların yerinə yetirilməsi zamanı yaralanmış, xəsarət almış xəstələnmiş hərbi qulluqçuların vaxtında təxliyəsi bizim əsas məqsədimizdir.

Yaralı və xəstələrin döyüş mövqelərindən təxliyəsi üçün kifayət qədər tibbi avtomobil,  “Mersedes” markalı ambulans cəbhə bölgələrində yerləşən hospitallara, tibbi hərbi hissə və müəssisələrə, hərbi hissələrin tibb məntəqələrinə paylanılıb.

Ön xətdə yerləşmiş bütün hərbi hissələr zirehli ambulanslarla təmin olunub. Zirehli nəqliyyat vasitələrinin bazasında hazırlanmış sanitar maşınlarımız var. Həmin maşınlar aprel döyüşlərində də iştirak etdi. Onların hesabına çox sayda əsgərimizin həyatını qoruduq. Çünki bu maşınlar birbaşa döyüş şəraitindən yaralıları çıxardı. Təxliyə əməliyyatlarında tibb işçilərimizdən də kimsə xəsarət almadı.

O cümlədən bizim ambulans helikopterlərimiz də var ki, vaxtında ağır xəstələri və ya yaralıları Bakıya, Gəncəyə və digər şəhərlərin xəstəxanalarına çatdırırlar. Bir neçə faktı qeyd etmək istəyirəm. Sanitar helikopterlərimizin salonunda lazım olan tibbi əməliyyatı həyata keçirmək üçün hər cür imkanlar var və bütün tibbi avadanlıqlarla təchiz olunub. Döyüşlər zamanı elə hadisə oldu ki, sanitar helikopterlər içərisində həkimlərimiz yaralı üzərində mürəkkəb cərrahi əməliyyatlar keçirdilər. Sanitar avtomobillərimizin komplektləşdirilməsi də onun kimi. Onlarda da yaralıya zəruri tibbi müdaxilələrin edilməsi mümkündür.

Quru Qoşunları ilə yanaşı Hərbi Dəniz Qüvvələrinin tibbi kateri üçün lazım olan tibbi avadanlıq alınıb. Katerin əsaslı təmiri başa çatdıqdan sonra avadanlıqlarla təchiz olunacaq.

AD: Yeni zirehli sanitar maşınların, eləcə də mobil tibb komplekslərin alınması yenə nəzərdə tutulurmu?

Natiq ƏLİYEV: Əlbəttə, bu proses davam edəcək. Müdafiə nazirimiz cənab general-polkovnik Zakir Həsənov döyüş zonasında şəxsi heyətin sağlamlığının mühafizəsini, yaralılara vaxtında, təhlükəsiz şəraitdə tibbi yardımın göstərilməsi məsələlərini hər zaman diqqətdə saxlayır. Bununla bağlı bütün təkliflərimizi dəstəkləyir və reallaşdırmağa kömək edir. 

Yaxın vaxtlarda çoxməqsədli yüngül zirehli yedəyin bazasında zirehli sanitar maşınların sayı artırılacaq. Bu maşınlar Azərbaycanda konfiqurasiya edilir. Bununla yanaşı biz sanitar qatar məsələsini də həll edirik. Gələn il bu məsələ də reallaşacaq. Sanitar qatarın daxilində əməliyyat otağınadək hər şərait olacaq. Eyni zamanda avtosarğı sifariş vermişik ki, bu da həm döyüş bölgəsində, həm ucqar ərazilərdə, həm də fövqəladə vəziyyətlər olan yerlərdə ilkin tibbi yardımın göstərilməsi üçün vacibdir.

Bütün bu sadaladığım yeniliklər – sanitar helikopterlər, qatarlar, yeni zirehli sanitar maşınlar tibb təminatımıza əlavə imkanlar qazandıracaq. Mobillik yüksələcək, şəxsi heyətin sağqalma şansı artacaq, istənilən bölgəyə qısa zamanda yetişmək, yerində yardım göstərmək, təxliyə etmək üçün potensialımız daha da güclənəcəkdir. Bu proses reallaşdıqca, Azərbaycan Ordusu nəinki postsovet məkanında, hətta bəzi NATO ölkələrindən belə mükəmməl, təchizatlı tibb təminatına sahib olacaq.

AD: Yeni avadanlıqları istifadə edən kadrların, o cümlədən hərbi həkimlərin hazırlanması harada və necə həyata keçirilir?

Natiq ƏLİYEV: Təbii ki, qarşıda duran aktual məsələlərdən biri də alınan müasir avadanlıqları işlədən həkimlərlə bağlıdır. Həm Baş Klinik Hospitalda, həm qarnizon hospitallarında, həm tibb müəssisələrində və ən ucqar tibb məntəqələrimizdə belə savadlı, gənc həkimlərimiz, feldşerlərimiz fəaliyyət göstərir. Türkiyə və digər xarici ölkələrdə yüksək təhsil görmüş zabitlərimiz artıq, öz xidmətlərinə başlayıblar.

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsi var. Həmin fakültə Silahlı Qüvvələrimiz üçün hərbi həkim və feldşerlər hazırlayırlar. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış Hərbi Tibb fakültəsi ordumuz üçün yüksək hazırlıqlı hərbi həkimlər, həm də hərbi feldşerlər hazırlayır. Fakültədə təhsilin rezidentura pilləsi də bizdə fəaliyyət göstərir. Artıq rezidenturanı bitirən şəxslər, həkimlər təcrübəli peşəkarlara çevriliblər. Onlar müalicə mərkəzlərində, hospitallarda, tibb məntəqələrində, fəaliyyət göstərirlər. Məsələn, Baş Klinik Hospitalda ürək cərrahiyyəsi mərkəzi var. Bu günə kimi mindən çox insan orada ürəyindən əməliyyat olunub. Ən mürəkkəb ürək əməliyyatlarını həkimlərimiz uğurla reallaşdırıblar. Onu da qeyd edim ki, hətta bizə yaxın olan ölkələrdə belə ürək üzərində aparılmayan əməliyyatlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlərimiz tərəfindən uğurla yerinə yetirilir. Orada Türkiyədə, Almaniyada, Azərbaycanda təhsil almış gənc həkimlərimiz çalışırlar.

Müalicəsi respublikamızın hərbi müalicə müəssisələrində mümkün olmayan hərbi qulluqçular yüksək ixtisaslı müalicə almaq üçün müqaviləyə uyğun olaraq Türkiyə Respublikasına göndərilirlər. Yeri gəlmişkən, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yeni qurulan kardiocərrahiyyə və oftalmologiya sahəsindəki işlərimiz o qədər uğurludur ki, biz belə ixtisaslara ehtiyacı olan xəstələrimizi artıq xaricdə müalicəyə göndərmirik.

Hərbi hissələrdə və müalicə müəssisələrində xidmət edən həkimlərin özlərinin peşə səviyyəsinin artırılması üçün tədbirlər görülür. Onlar respublikamızda və dünyanın inkişaf etmiş dövlətlərində, o cümlədən, Almaniyada, Amerika Birləşmiş Ştatlarında ixtisasartırma və təkmilləşmə kurslarına göndərilirlər.

Hər il onlarla həkim Türkiyə Respublikasında təşkil olunan kurslarda, müxtəlif mövzulara həsr olunmuş elmi-praktik konfranslarda iştirak edirlər. Hazırda Türkiyənin Gülhanə Elmi-Tədqiqat Xəstəxanasında 20 həkim uzmanlıq təhsili alır, artıq bu kursları bitirmiş 25 hərbi həkim hospitallara təyin olunub. Bundan başqa 48 nəfər tibb xidməti zabiti Türkiyə və Almaniyada iki illik təkmilləşmə kursları keçiblər. 

Fəxrlə deyə bilərəm ki, bizim müdavimlər hər zaman oxuduqları xarici ölkələrdə fərqləniblər. Elə olub ki, Türkiyədə universitetləri fərqlənmə ilə bitirən, dövlətin rəhbərliyi tərəfindən buna görə təltif olunan 3 məzundan biri azərbaycanlı olub. Bu il bizim 3 hərbi həkimimiz Türkiyənin Gülhanə Elmi-Tədqiqat Xəstəxanasında uzmanlığına qəbul olunmaq üçün  TUS imtahanı verdilər. Ən yüksək nəticələri də məhz bizim həkimlərimiz əldə ediblər.

Xaricdə bizim həkimlər elə ixtisaslar üzrə təhsil alırlar ki, o ixtisaslar bizə bu gün həddən artıq vacibdir. Bura kardiocərrahiyyə, travmatologiya kimi ixtisaslar daxildir.

Son illərdə hərbi həkim olmaq üçün sənəd verən gənclərin sayında artım müşahidə olunur. Əvvəllər bir yerə iki nəfər ərizə verdiyi halda indi bu göstərici 5-6 nəfərdir.

AD: Hərbi Tibb fakültəsində tədrisin təşkilində müasir texnologiyalardan, simulyatorlardan istifadə edilirmi? Bunlarla bağlı nə kimi yenilikləriniz var?

Natiq ƏLİYEV: Hərbi Tibb fakültəsi Azərbaycan Tibb Universitetinin bir fakültəsidir. Ancaq orduya kadrlar hazırladığı üçün əlaqəli şəkildə fəaliyyət göstəririk. Tibb Universitetinin müəllimləri də fakültədə də dərs keçirlər. O cümlədən Hərbi Tibb fakültəsinin özünün çox böyük elmi və tədris fəaliyyəti ilə məşğul olan kadrları var.

İki il bundan əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Gülhanə Elmi-Tədqiqat Xəstəxanasının komandanının iştirakı ilə fakültənin yeni inzibati binasının açılışı oldu. Yeni binada simulyator otaqları da var. Tədris prosesində xarici ölkə istehsalı olan simulyatorlardan istifadə edirik. Tələbələrə ilk olaraq simulyatorlar üzərində ilkin tibbi yardım, qanaxmanın qarşısının alınması, yaraya tikişin qoyulması, sökülməsi və s. prosesləri öyrədirik. Ön cəbhədə xidmət edən həkimlərimizi də biz bura 3 aylıq kurslara cəlb edirik. Gələcəkdə daha yeni simulyatorların alınması və tətbiqi də planlarımızda var. Çünki dünyada gedən inkişafdan geri qala bilmərik.

AD: Müharibə şəraitində olan ölkələrdə hərbi tibb daha sürətlə inkişaf edir. Qeyd etdiniz ki, xaricdə baş verən yenilikləri də izləyib onları hərbi səhiyyədə tətbiqinə çalışırsınız. Hərbi tibb eyni zamanda mobillik, çeviklik, yerləşdiyi region və əməliyyat şəraitinə uyğun fərqli yanaşma tələb edir. Xaricdən öyrənilən təcrübənin yerli şəraitə uyğunlaşdırılması, tibb təminatına milli yanaşmanın tətbiqi barədə fikirləriniz maraqlı olardı.

Natiq ƏLİYEV: Dünya ordularında döyüşlər zamanı tibbi yardım 4-6 mərhələdə təşkil olunur. Biz aprel döyüşlərində və eləcə də 2014-cü ilin avqust döyüşlərindən əldə olunan təcrübə əsasında öz yanaşmamızı təkmilləşdirmişdik.

Bu göstərilən mərhələlərin sayını üçə endirərək xidmətin keyfiyyətini və çevikliyini artırmışıq. Bu mərhələləri azaltmaqla tibbi yardımı yaralılara və xəstələrə yaxınlaşdırdıq. Bu yeniliyimiz ilə aprel döyüşlərində böyük bir nəticə əldə etdik. Yenə qeyd edirəm, biz artıq xəstəni özümüzə yox, yardımı ona yaxınlaşdırırıq. Eləcə də dağlıq ərazidə, kommunikasiyanın çətin olduğu yerlərdə tibbi yardımın göstərilməsi üçün öz yanaşmamızı hazırlamışıq. Bu, bizim qarşımızda duran olduqca vacib məsələlərdəndir. Bütün bu yeniliklər ordumuzun şəxsi heyətinin sağlamlığına, yaralıların və xəstələrin qısa müddətdə reabilitasiya edilərək döyüş sıralarına qaytarılmasında, onların həyatda qalmasında mühüm rol oynayacaq.

AD: Cənab general-mayor, orduda xəstəliklərin azaldılması, xüsusilə də yoluxucu xəstəliklərlə mübarizə sahəsində hansı işlər görülür?

Natiq ƏLİYEV: Apardığımız profilaktik tədbirlər nəticəsində bütün xəstəliklər üzrə əhəmiyyətli səviyyədə azalma var. Yoluxucu xəstəliklər demək olar ki, 70 faiz azalıb. Pnevmoniya, vərəm kimi xəstəliklərə çox az hallarda rast gəlinir. Məxmərək, qızılca, difteriya, malyariya, qarın yatalağı kimi xəstəliklərin kökü kəsilib. Bunun da səbəbi,  həm yaşayış şəraitinin yaxşılaşması, həm də qidalanmanın keyfiyyətinin yüksəlməsidir. Ən ucqar dağ postunda belə əsgərlərə isti yemək və qablaşdırılmış su verilir. Əsgər vaxtlı-vaxtında yüksək kalorili ərzaqla qidalanır. Onu da deyim ki, 2014-cü ildə qablaşdırılmış suya keçdikdən sonra bağırsaq xəstəliklərinin sayı kəskin azalıb.

Şəxsi heyətin sağlam ekoloji mühitdə yaşayışının və xidmətinin təmin edilməsi məqsədi ilə bioloji aktiv, fiziki, kimyəvi amillərin təsirinin ekoloji monitorinqi aparılır, profilaktik tədbirlər həyata keçirilir.

Ümumiyyətlə, şəxsi heyətin yerləşmə, qidalanma, su təchizatı və hamam-camaşırxana xidmətinin yaxşılaşması, komandir və rəislərin məsuliyyətinin artması, qoşunlara nəzarətin mütəmadi olması və tibb xidmətinin apardığı profilaktik tədbirlər nəticəsində bu il şəxsi heyət arasında xəstələnmə hallarının səviyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 22% azalıb.

Səyyar rentgen kabinetlərinin kifayət qədər alınması, birlik hospitallarında stasionar rentgen qurğularının yeniləri ilə əvəz olunması, tibb heyəti tərəfindən şəxsi heyətin sağlamlığına nəzarətin artması nəticəsində ağciyər xəstəliklərinin səviyyəsi əvvəlki illərlə müqayisədə minimuma endirilib.

AD: Xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığınız barədə nələri söyləyə bilərsiniz?

Natiq ƏLİYEV: Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər şübhəsiz ki, hərbi təbabətin inkişafına da təsirsiz ötüşmür. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir və faydalı təcrübə mübadiləsi aparırlar.

Qardaş Türkiyənin tibb müəssisələri ilə əlaqələrimiz çox yaxşıdır. Bir neçə ay əvvəl mən Türkiyə Baş Qərargahında Silahlı Qüvvələrin Sağlıq Başqanı ilə görüşdüm, əlaqələrimizin inkişaf etdirilməsi üçün faydalı söhbətlərimiz oldu. Hazırda Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin tibbi sahədə əməkdaşlıq sazişinin yeni layihəsi razılaşdırma mərhələsindədir.

Almaniya, ABŞ, Serbiya, Rusiya, Belarus, Pakistanla gözəl əlaqələrimiz mövcuddur. İranın və Gürcüstanın hərbi tibb müəssisələri ilə də işgüzar əlaqələr qurmaq üçün müəyyən addımlar atırıq.

İran-Azərbaycan hərbi-tibbi əməkdaşlığının inkişaf etdirilməsi üçün İranın Azərbaycandakı hərbi attaşesi ilə görüşümüz olub, Gürcüstan Silahlı Qüvvələrinin Tibb İdarəsi rəisi ilə görüşmüşük, Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli görüşünün keçirilməsi üçün yazışmalar aparılır. Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvlüyünə daxil olmaq üçün müraciət edilib. Məqsəd budur ki, həkimlərimiz tez-tez mötəbər elmi tədbirlərdə iştirak etsinlər, müasir dünya təbabətinin yeniliklərindən faydalana bilsinlər və nəhayətdə, öz ixtisasları üzrə inkişaf etsinlər.

Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadiləsini təşviq etməkdir. Bundan əlavə, Komitə silahlı qüvvələrin tibb xidmətlərinin gənc hərbi həkimləri üçün beynəlxalq sessiyalar və təkmilləşmə kursları, böyük zabitləri üçün silahlı münaqişələrin hüquqi aspektləri üzrə kurslar, iki ildə bir dəfə beynəlxalq konqreslər təşkil edir. Hazırda, 5 qitədən ümumilikdə 112 dövlət Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvüdür. Postsovet məkanından Rusiya Federasiyası Komitənin tam hüquqlu üzvüdür.

Silahlı münaqişələrin daim baş verdiyi, beynəlxalq terrorun arası kəsilmədiyi bir dünyada Beynəlxalq Hərbi Tibb Komitəsinə üzv qəbul edilməklə Azərbaycan Respublikası çoxlu faydaları əldə edəcəkdir. Hərbi təbabət sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədəki beynəlxalq standartların Silahlı Qüvvələrdə tətbiq edilməsinə töhfə verəcəyini nəzərə alaraq biz də Beynəlxalq Hərbi Tibb Komitəsinə üzv qəbul olunmağı məqsədəuyğun hesab edirik. Bizim üzvlüyümüz hökumətdaxili razılaşdırma mərhələsini keçib. Bu günlərdə iki nümayəndəmiz İndoneziyanın Cakarta şəhərində Komitənin növbəti iclasında iştirak edəcəkdir. Növbəti, 2018-ci ildən biz Beynəlxalq Hərbi Tibb Komitəsinin həqiqi üzvü olacağıq.