03/01/2015 05:30

General-mayor Qorxmaz Qarayev: “Hərbi hissələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə güclənib”

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində kollegiya iclası keçirilib.“AzeriDefence”nin xəbərinə görə, iclasda çıxış edən müdafiə nazirinin müavini, general-mayor Qorxmaz Qarayev son bir ildə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb.

Azərbaycan Ordusunun maddi-texniki təminatının əhəmiyyətli dərəcədə gücləndiyini deyən general Q. Qarayevin sözlərinə görə, Silahlı Qüvvələrdə qısa zamanda həyata keçirilmiş islahatlar, görülmüş işlər şəxsi heyətə yüksək əhval-ruhiyyə aşılamaqla yanaşı, ictimaiyyətin orduya inamını artırıb.

“Bu gün dövlətimizin rəhbərliyi tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, ordumuz yetərli uğurlara imza atıb. Hərbi hissələrin maddi-texniki təminatı əhəmiyyətli dərəcədə güclənib və şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial məişət şəraitinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün 2014-cü ildə bir sıra əhəmiyyətli məsələlər həllini tapıb”, – deyə general vurğulayıb.

General rəhbərlik etdiyi Baş İdarənin tabeliyindəki hərbi bölmələrin şəxsi heyətinin əvvəlki dövrlərlə müqayisədə xidmətə tələbkarlığı daha da artırdığını bildirib.

Nazir müavini ordunun döyüş qabiliyyətinin gücləndirilməsi məqsədi ilə müasir silah və texnikaların alındığını və bu məqsədlə aparıcı şirkətlərlə müqavilələrin imzalandığını diqqətə çatdırıb. General 2015-ci ildə də bu istiqamətdə mühüm işlərin davam etdiriləcəyini qeyd edib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunublar.