07/04/2018 17:46

General Natiq Əliyev: “Aprel döyüşlərində bütün yaralılar xilas edilib”

2016-cı ilin aprel döyüşləri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, eləcə də hərbi səhiyyənin səviyyəsinin yüksək olduğunu təsdiqlədi.

“AzeriDefence”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev “ Azərbaycan Ordusu” qəzetinə müsahibəsində deyib.

“Müharibədə, döyüşdə yaralanmalar danılmazdır. Müharibə şəraitində yaşayırıq. Deməli, hər an döyüş, hər an yaralanma ehtimalı var. Bu baxımdan hərbi səhiyyəmiz həmişə döyüş hazırlığı vəziyyətindədir. Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatlarına layiqli cavab vermək, torpaqlarımızı işğaldan azad etmək gücündədi. Aprel döyüşləri Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını da təsdiqlədi. Bu döyüşlər, Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu, eyni zamanda Azərbaycan həkiminin fədakarlığını göstərdi”, deyə N.Əliyev bəyan edib.

N.Əliyev qeyd edib ki, döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da əsas rol oynayır: “Onların vəhdəti olmadan döyüşdə uğurlardan danışmaq olmaz. Tibbi təminat tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiq üsulları, bütövlükdə, hərbi təbabətin inkişafını müəyyən edən qanunauyğunlara əsasən qurulub. Tibb xidmətinin qarşısında duran əsas vəzifə yalnız yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarətdir. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən də məhz qarşımıza qoyulan məqsəd budur.

Tibb xidməti müntəzəm olaraq şəxsi heyətin sağlamlığına nəzarət edir. Atəşkəs olsa da, düşmənin atəşkəsi pozma, müxtəlif üsul və vasitələrlə təxribatlar törətmə təhlükəsi həmişə var. Buna görə də tibb xidməti ehtimal edilən döyüşlərdən qabaq tibb kəşfiyyatının aparılmasını həyata keçirir. Tibb xidməti döyüşə yeridiləcək qoşunların şəxsi heyətinin sağlamlıq vəziyyətini müntəzəm olaraq qiymətləndirir və şəxsi heyətin döyüşə qatılması barədə qərarı bundan sonra qəbul edir. Döyüşün baş verməsi ehtimalı həmişə olduğu üçün şəxsi heyətin sağlamlıq vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır”.

Ali Baş Komandan Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında aprel döyüşlərində yaralanan hərbi qulluqçulara baş çəkdiyindən danışan N.Əliyev qeyd edib ki, yaralılar müalicənin dayandırılmasında – döyüşə qayıtmaqda israrlı idi: “Bu, Ali Baş Komandanın yaralılara sayğısının təsiriydi. Göründüyü kimi, aprel döyüşləri nəinki döyüşənlərin, hətta döyüşlərdən uzaqda olan, sağlamlığı döyüşməyə imkan verməyənlərin də qələbə əzmini kükrətmişdi.

Tibb xidməti həmişə olduğu kimi düşmənin təxribatlarına 2016-cı ilin aprelində də hazır idi. Döyüşlər başlayan kimi tibb xidməti döyüş şəraitinə müvafiq quruldu. Döyüşlərdə sanitar təlimatçılarımız, sanitar atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkimlərimiz öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Aprel döyüşlərində yaralanmış hərbi qulluqçularımıza bütün təxliyə mərhələlərində keyfiyyətli, ardıcıl tibbi yardım göstərildi və onlar hərbi həkim ekspertizasından keçirildi. Bu mürəkkəb və çoxşaxəli sistem nəticəsində həkimlərimiz aprel döyüşlərində uğura nail oldular”.

Tibb Baş İdarəsinin rəisi bildirib ki, inkarolunmaz statistik fakt bundan ibarətdir ki, xəstəxanaya çatdırılan bütün yaralılar xilas edilib. Tibb işçilərinin peşəkarlığı və yüksək tibbi yardımın göstərilməsi nəticəsində hospitala çatdırılan bütün yaralılar xilas edilib. Hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib. Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibəsinin tibbi göstəriciləri ilə müqayisə edilib. Nəticələr müqayisəedilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib. Bu nəticələr müəyyən elmi-praktiki konfranslarda, simpoziumlarda elan edilib.

“Yeri gəlmişkən, Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənovun təqdimatına əsasən, Beynəlxalq Hərbi Tibbi Komitəyə üzv olmuşuq. Bu nəticələri həmin komitənin iclaslarında, elmi-praktiki konfranslarında və simpoziumlarında da elan etməyi nəzərdə tuturuq. Hərbi hospitalda xidmət edən cərrahlar, anestezioloqlar, tibb bacıları üçün hər əsgərin həyatı orduya sayğıdır. Qürurla deyə bilərik ki, Ali Baş Komandanın dediyi bir fikri hərbi səhiyyəmizə də şamil edə bilərik: “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır”. Yəni, Azərbaycanın hərbi səhiyyəsi nəinki bölgədə, dünya miqyasında ən güclü səhiyyələr sırasındadır. Sülh danışıqları baş tutmasa ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı döyüşlə azad edəcək. Hərbi səhiyyəmiz o döyüşlərə tam hazırdır. Aprel döyüşləri təsdiqlədi ki, döyüşlər olarsa, Azərbaycanın hərbi səhiyyəsi itkilərin qarşısını maksimum səviyyədə alacaqdır”, – deyə Tibb Baş İdarəsinin rəisi vurğulayıb.

N.Əliyev qeyd edib ki, döyüşlərdə yaralıya ilk çatan sanitar-təlimatçının, sanitar-atıcının ona təxirəsalınmaz yardım göstərilməsi nəticəsində yaralılar həlak olmayıb. Onun sözlərinə görə, güllələr altında, döyüşün getdiyi şəraitdə yaralıya ilk tibbi yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanması ölümün qarşısının alınmasının əsas səbəblərindəndir. Heç nədən qorxmadan, çəkinmədən yaralananları döyüşlərdən çıxarmaq da fədakarlıqdı deyən N.Əliyev bildirib ki, tibb işçiləri atəş altına düşsə də, bəzən yaralansa da, onların vətənpərvərliyi, vəzifə borclarını layiqincə yerinə yetirməsi, peşəkarlığı, o cümlədən dövlətinə, xalqına, Ali Baş Komandanına inamı sayəsində aprel döyüşlərində uğura nail olduq. Bütün bunların sayəsində aprel döyüşlərində göstərdiyi fədakarlığa görə 200-dən çox əməkdaş Ali Baş Komandan, Müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və Tibb Baş İdarəsinin rəisi tərəfindən mükafatlandırılıb.

Mobil səhra hospitalının fəaliyyətindən danışan general qeyd edib ki, Tibb Baş İdarəsinin istifadəsində olan mobil səhra hospitalı dünyada istifadə olunan ən mükəmməl və ən müasir mobil hospitalardan biridir: “Orada həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olar. Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür və edirik.

Müxtəlif səviyyəli və xarakterli yaralıların operativ müayinəsi, əməliyyat aparılması və yaralının həyata qaytarılması hərbi səhiyyəmizin hansı səviyyədə olduğunu göstərib. Hər əməliyyat, müəyyən mənada, təcrübə deməkdir. Müharibədə də, dinc dövrdə də. Bu baxımdan aprel döyüşləri hərbi cərrahiyyənin təkmilləşməsində, əməliyyatdan sonra müalicə prosesində optimal üsullardan istifadə edilməsində müəyyən rol oynadı”.

N.Əliyev bildirib ki, Tibb Baş İdarəsinin qarşıda duran perspektiv planları Müdafiə nazirinin təsdiq etdiyi növbəti 5 illik plana əsasən qurulur. Fəaliyyətimiz planlı şəkildə aparılır. Hər hansı hospitalın və ya poliklinikanın tikilməsi Tibb Baş İdarəsinin Elmi Tibbi Şurası tərəfindən araşdırılır, alimlər, mütəxəssislər, uzun müddət təcrübəsi olan hərbi həkimlər tərəfindən müzakirə olunduqdan sonra qərar qəbul edilir. Daha sonra Müdafiə nazirinə və son olaraq ölkə Prezidentinə məruzə olunur.

“Ən böyük planımız kadr potensialımızı artırmaq və dünyanın inkişaf etmiş ölkələrinin tibb müəssisələri ilə əlaqələr yaratmaqdı. Türk Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya Federasiyası, Pakistan, Amerika Birləşmiş Ştatları ilə və digər inkişaf etmiş dövlətlərin Silahlı Qüvvələrinin tibb xidmətləri ilə əlaqələrimiz var. Bu gün kursantlarımız, həkimlərimiz həmin dövlətlərdə ixtisasartırma və müxtəlif kurslarda iştirak edir, təhsilini artırırlar. Nəticədə yüksək peşəkar həkimlərin hazırlanmasına nail oluruq. Hərbi qulluqçularımız əmin olurlar ki, onların və ailə üzvlərinin sağlamlığının keşiyində peşəkar həkimlər dayanır, dayanacaq”, – deyə N.Əliyev bildirib.