10/08/2018 13:42

General Nizam Osmanov: “Dəniz kuboku – 2018”in ən böyük nailiyyəti Xəzəryanı ölkələrin qarşılıqlı etimadının güclənməsi oldu

“Dəniz kuboku – 2018”in ən böyük nailiyyəti Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləşdirilməsi, dostluq və qardaşlıq mühitinin yaranması oldu.

“AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov “Dəniz kuboku – 2018” müsabiqəsinin bağlanış mərasimində deyib.

General-leytenant N.Osmanov bildirib ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları”, eləcədə “Dəniz kuboku” müsabiqəsi ildən-ilə daha çox iştirakçıları cəlb edir və qoşunların peşəkarlıq səviyəsinin yüksəldilməsi üçün möhkəm zəmin yaradır.

“Fəxrlə qeyd eləmək istəyirəm ki, bu yarışlarda Azərbaycan komandaları Silahlı Qüvvələri layiqincə təmsil edir. Onların uğurları bizi sevindirir. Çünki bu ölkəmizin Silahlı Qüvvələrinin artan nüfuzunun göstəricisidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, yarışların şəffaf və yüksək səviyədə keçirilməsi üçün tərəfimizdən dəniz paliqonlarında və təlim döyüş komplekslərində hər bir şərait yaradılmışdır.

Bu müsabiqədə prinsipial və ədalətli mübarizənin şahidi olduq. Beynəlxalq hakimlər kollegiyası qalibləri müəyyən etdi. Hərbçilər isə öz güclərini döyüş meydanlarında deyil, yarış meydanlarında sınadılar. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və sədri olduğum “Dəniz kuboku” müsabiqəsi təşkilat komitəsi adından yarışların uğurla sona çatmasında zəhməti keçən hər kəsi, o cümlədən qalibləri yüksək nəticələr qazandıqları üçün təbrik edirəm”, – deyə N.Osmanov vurğulayıb.