17/08/2018 15:14

General-polkovnik Elçin Quliyev: Azərbaycan sərhəd mühafizəsi ən müasir tələblər səviyyəsinə qaldırılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Azərbaycan Sərhəd Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində Azərbaycan sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib.

Dövlət Sərhəd Xidmətinin rəisi Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb.

General-polkovnik Elçin Quliyev Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının – Milli Qurtuluş gününün 25-ci il dönümü ərəfəsində 2 min metr uzunluğunda dövlət bayrağını 2 mindən artıq sərhədçinin çiyinləri üzərində daşıyaraq “Zəfərə doğru” yürüş etməsini xatırladaraq, prezident İlham Əliyevin Ali Baş Komandalığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün zəfər döyüşünə çevriləcəyinə, Vətən sərhədlərinin bütövlüyünün təmin ediləcəyinə, işğaldan azad ediləcək ərazilərdə şərəf və ləyaqət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini ifadə edib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarını təbrik etmiş, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmalarını arzulayıblar.

Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.