09/11/2017 14:35

General-polkovnik Elçin Quliyev FRONTEX-in tədbirində iştirak edib

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Avropanın Sərhəd və Sahil Mühafizə Agentliyinin (FRONTEX) icraçı direktoru Fabris Leggerinin dəvəti ilə cari ilin 7-8 noyabr tarixlərində Polşanın Varşava şəhərində keçirilmiş Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın 23-cü iclasında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dünyanın 60 ölkəsindən sərhəd mühafizə qurumlarının rəhbərlərinin qatıldığı tədbirdə sərhəd təhlükəsizliyinə olan təhdid və çağırışlar,  terrorizmlə mübarizəyə xüsusi diqqət yetirməklə təhlükəsizlik hədələrinin dəf olunması, sərhədlərin idarəedilməsi üzrə situasiya monitorinqi, intellektual sərhədlər üçün informasiya sistemləri, sərhəd mühafizəsi imkanlarının gücləndirilməsi mövzularına dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində nümayəndə heyətləri FRONTEX Agentliyinin struktur bölmələrinin fəaliyyəti və mövcud imkanları ilə tanış ediliblər.

Səfər zamanı FRONTEX Agentliyinin icraçı direktoru Fabris Leggeri ilə keçirilmiş ikitərəfli görüşdə birgə layihələr çərçivəsində həyata keçirilən tədbirlər müzakirə olunub, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Avstriya, Gürcüstan, İndoneziya, İsveçrə, Latviya, Litva, Mərakeş, Səudiyyə Ərəbistanı Krallığı, Ukrayna və digər nümayəndə heyətləri ilə  görüşlərdə qurumlararası əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.