20/08/2016 12:20

General-polkovnik Elçin QULİYEV: “Sərhəd Qoşunları üçün yeni silahlar və döyüş texnikaları alınır”

Sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində tədbirlər həyata keçirilir

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə DSX rəisi – Sərhəd Qoşunları Komandanı general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirilib.

DSX rəisi qeyd edib ki, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.

Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi imkanlarının gücləndirilməsi, dəniz kampaniyasına “Tufan” və “Şahdağ” tipli ən müasir gəmilərin qəbul olunması, dövlət sərhədlərinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi cari ilin qürurverici hadisələrindəndir.

“Bu gün sərhədçilər yüksək peşəkarlıqla vətənin sərhədlərini mühafizə edirlər. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının artmasına xidmət edir. Bu təlimlərin əsas məqsədi şəxsi heyətə vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsidir. İllər keçdikcə təlimlərin məqsədi, miqyası və xarakteri dəyişir, qarşıya daha mürəkkəb vəzifələr qoyulur. Döyüş atışı ilə keçirilən irimiqyaslı əməliyyat taktiki təlimlər zamanı ən müasir silah və texnikadan istifadə edən sərhədçilər sübut edirlər ki, qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə qadirdirlər. Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mi-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir”, – deyə general-polkovnik qeyd edib.

General-polkovnik E. Quliyev Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının möhkəmləndirildiyini, yeni silahların, döyüş texnikasının, xüsusi avadanlıqların, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələrinin, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələrin alındığını bildirib. General qeyd edib ki, keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir.

DSX rəisi vurğulayıb ki, Azərbaycanda sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

Bununla yanaşı ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb.

“Dövlət Sərhəd Xidməti bu gün dəniz sərhədlərimizin mühafizəsini yüksək səviyyədə təmin edir. Dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmilər inşa etməsi 20 il qabaq çox da inandırıcı görünməsə də, artıq günümüzün reallığıdır. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Prezidentin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir”.