30/01/2018 19:43

General-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi keçirilib

Respublika Veteranlar Təşkilatında general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İkinci Dünya müharibəsi, Silahlı Qüvvələr, əmək veteranları, dövlət orqanlarının, ictimai və gənclər təşkilatlarının nümayəndələri, ziyalılar, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, T.Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyib, müstəqilliyin bərpasından sonra isə ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi bu sahənin inkişafında, Azərbaycanın müasir standartlara uyğun, dünyanın inkişaf etmiş ölkələrindən geri qalmayan ordusunun qurulmasında xidmətlər göstərib.

Tədbirdə məlumat verilib ki, T.Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub, yeddi yaşından ailəsi Bakıya köçdüyü üçün orta məktəbi burada bitirib. 1941-ci ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olmaqla, həyatını 18 yaşından hərblə bağlayıb. Müharibə başlandıqdan qısa müddət sonra leytenant rütbəsi alan T.Ağahüseynov cəbhəyə yola düşüb. 1-ci Belarusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi kimi Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb. Tofiq Ağahüseynov 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub. Yüksək təhsilli mütəxəssis kimi Vətənə qayıdan gənc hərbçi 1960-1964-cü illərdə Hövsanda yerləşən hava hücumundan müdafiə alayına komandirlik edib.

Sonrakı xidmət yolu diviziya komandiri kimi Volqoqradda keçən Tofiq Ağahüseynov 1968-ci ildə general-mayor rütbəsi alıb və növbəti il Rostovda korpus komandiri təyin edilib. SSRİ kimi bir dövlətdə qeyri-rus millətindən olan bir şəxsin cəmi 4 il sonra, 1972-ci ildə general-leytenant rütbəsi alması onun hərb sənətini necə yüksək səviyyədə mənimsəməsinin, bu işin öhdəsindən layiqincə gəlməsinin nəticəsi idi.

Daha sonra  1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilən T. Hüseynov 1980-ci ildə SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olur. Həmin vaxt ona Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilmişdi. 1982-ci ildə isə general-polkovnik Tofiq Ağahüseynova daha yüksək bir vəzifə həvalə etdilir. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Onun hərb sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynovu prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edib. Tofiq Ağahüseynov Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görəprezident İlham Əliyevin 1 fevral 2008-ci il və 17 yanvar 2013-cü il tarixli tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub. O, 12 sentyabr 2017-ci ildə onu Respublika Veteranlar Təşkilatının sədri seçilib.

Tədbirdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Baş Prokurorun müavini, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DİN-nin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adından və başqa dövlət orqanlarından yubiliyara ünvanlanmış, eləcə də, “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının müxtəlif ölkələrdəki nümayəndəliklərindən, Rusiya Müdafiə nazirinin müavini Y.İ.Borisovun, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi İ.Lobastov və digərlərindən daxil olan təbrik məktubları oxunub, hədiyyələr təqdim edilib.

Sonda çıxış edən general-polkovnik Tofiq Ağahüseynov təbriklər üçün minnətdarlığını bildirib. O, qeyd edib ki, orduda 46 il xidmət edib. Onun general kimi formalaşmağında Heydər Əliyev aparıcı rol oynayıb: “Mən 30 ildən çox idi ki, onu tanıyırdım. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi. Mən bunun üçün ona son dərəcə minnətdaram”.